29.10.2025-ci il tarixində saat 02:15 radələrində qasıq nahiyyəsində kəskin ağrılar, şişkinlik, ürəkbulanma və qusma şikayətləri ilə 1965-ci il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olmuşdur.
Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a bildirilib.
Qeyd edilib ki, ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilmiş, müvafiq tibbi müayinələrdən keçirildikdən sonra təcili qaydada hospitalizasiya olunaraq əməliyyat blokuna alınmışdır. Cərrahi müdaxilədən sonra pasiyentin vəziyyəti əməliyyata adekvat qiymətləndirilmiş və müsbət dinamika müşahidə edilmişdir.
Lakin 01.11.2025-ci il tarixində xəstənin vəziyyəti qəflətən pisləşdiyi üçün yenidən cərrahi əməliyyata alınmış və xəstəyə sol tərəfli hemikolektomiya, stomanın qoyulması proseduru icra edilmişdir.
Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 04.11.2025-ci il tarixində saat 07:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit məhkəmə-tibbi ekspertizası aparılması üçün müvafiq qaydada aidiyyəti üzrə təhvil verilmişdir.
***11:34
Lənkəranda kişi əməliyyatdan sonra ölüb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına yırtıq səbəbləri ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev əməliyyata götürülüb.
Yoldaşı Azadə Rzayeva deyir ki, elə həmən gün əməliyyatı doktor İshaq aparıb və əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib:
“Həkim səhlənkarlığı olub. Öyrəndik ki, həkim yoldaşımın bağırsağını deşib və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Sağ olsunlar xəstəxananın o biri həkimləri əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımın həyatını xilas edə bilmədilər. Əməliyyatdan sonra doktor İshaqı xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə səbəb birbaşa odur”.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.













