Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib?backend

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında həkim Dilqəm Məhərrəmovun adı yer almır. Nəticə olaraq, adları siyahıda olmayan plastik-estetik həkimlərdən başqa digərləri işlərini icra edə bilməzlər. Bu qanun pozuntusu sayılır. Hadisəni aydınlaşdırmaq üçün müğənni Aysun İsmayılova ilə əlaqə saxlamağa çalışsaq da, heç bir cavab ala bilmədik.

NOCOMMENT.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzinin Ajans.az-ın sorğusuna verdiyi cavabda bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, ölkə ərazisində tibbi fəaliyyətin təşkili və həyata keçirilməsi yalnız qanunla müəyyən olunmuş tələblərə və prosedurlara uyğun şəkildə mümkündür.

“Azərbaycan Respublikasında tibb fəaliyyətinin əsas prinsipləri haqqında” Qanuna və Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 517 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibb və əczaçılıq sahəsində fəaliyyət göstərən şəxslərin sertifikatlaşdırılması Qaydaları”na əsasən, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq ixtisas üzrə sertifikasiyadan keçməli və fəaliyyəti üçün rəsmi icazəyə malik olmalıdırlar.

Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Təftiş Komissiyasının təqdim etdiyi “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”, bu sahədə fəaliyyət göstərmək hüququ olan mütəxəssislərin rəsmi qeydiyyatını təmin edir.

Qurumdan bildirilib ki, adı bu siyahıda olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olması qanunvericiliyə zidd hesab olunur.

Qanunsuz fəaliyyətlərlə bağlı nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən həm planlı, həm də plandankənar yoxlamalar əsasında həyata keçirilir. Xüsusilə, kütləvi şəkldə insan həyatına və sağlamlığına birbaşa və ya mühüm təhlükə yarada biləcək hallarda, təsdiedici sənədlərlə vətəndaş müraciətləri və ya mediada dərc olunmuş məlumatlar əsasında plandankənar yoxlamalar aparıla bilər.

Bu tip hallarla bağlı İnzibati Xətalar Məcəlləsində konkret cəza tədbirləri nəzərdə tutulur.

Lisenziyasız özəl tibbi fəaliyyətə görə, fiziki şəxslər – 2.000–3.000 manat, vəzifəli şəxslər – 5.000–10.000 manat,
hüquqi şəxslər – 20.000–30.000 manat məbləğində cərimə edilir.

Analitik Ekspertiza Mərkəzi açıqlayıb ki, lisenziyada nəzərdə tutulmamış fəaliyyətin həyata keçirilməsinə görə,
fiziki şəxslər – 300–500 manat,vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat məbləğində cərimə olunur.

Sertifikasiyadan keçməmiş şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına görə:
vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat cərimə edilir.

Məlumatda qeyd edilib ki, hər hansı şəxsin həkimlik fəaliyyətində uğurlu nəticə göstərməsi onun fəaliyyətinin qanuniliyini təmin etmir. Qanunsuz fəaliyyət göstərən həkimlər və onların çalışdığı müəssisələr qanunvericiliklə müəyyən olunmuş inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan icazə sənədlərinin və sertifikatların hüquqi və praktik əhəmiyyəti təkcə keyfiyyət təminatı deyil, həm də hüquqi fəaliyyət çərçivəsini müəyyən edir.