Rusiyanın Ukrayna üzrə konsensus əldə etmək və ya sülh danışıqlarını davam etdirmək kimi açıq niyyəti yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda Bloomberg agentliyinə müsahibəsində bildirib.
Siyasətçinin fikrincə, Rusiya tərəfi sülh istəyinin “imitasiyası” ilə məşğuldur. “Mən şübhə etmirəm ki, ABŞ prezidenti Donald Tramp həqiqətən də sülhə nail olmaq, atəşkəsə nail olmaq üçün çox səmimi niyyətə malikdir. Eyni sözləri Ukrayna prezidenti Vladimir Zelenski haqqında da deməliyəm. Ancaq söhbət Rusiyaya gəldikdə, konsensusa nail olmaq üçün o qədər də aydın niyyət görmürəm”, – deyə Nauseda Rusiyanı atəşkəsi pozmaqda ittiham edib.
Bundan əvvəl Nauseda Litvanın dəstək olaraq Ukraynaya qoşun göndərməyə hazır olduğunu, lakin Kiyevə yardım edən koalisiyaya daxil olan digər ölkələrin də belə bir qərar qəbul etməli olduğunu bildirmişdi .
Martın 20-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin atəşkəs öhdəliklərini pozduğunu qeyd edib . Zaxarova qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın enerji infrastrukturuna zərbə endirməkdən imtina etməsi ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiyaya zərbə endirmək əmri verib. Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Ukrayna lideri Ağ Evin enerji infrastrukturuna hücumlardan çəkinmək təşəbbüsünü dəstəklədiyini açıq şəkildə bəyan edib, “amma əslində əks göstəriş verib”.