ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı keçən həftə Litvada keçirilən təlimlərdən sonra itkin düşən dördüncü amerikalı əsgərin öldüyünü təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ Ordusu bildirib ki, 3-cü Piyada Diviziyasının 1-ci Zirehli Briqada Döyüş Komandasına təyin edilmiş əsgər Pabrade təlim zonası yaxınlığında ölü tapılıb.
Martın 25-də məlum olub ki, Amerikaya məxsus zirehli xilasetmə maşını (ARV) M88A2 Hercules və onun ekipajı yoxa çıxıb. Litvanın Müdafiə Nazirliyi bildirib ki, ABŞ ordusunun 3-cü piyada diviziyasının zirehli xilasedici maşını və dörd əsgəri Belarusla sərhəd yaxınlığındakı Pabrade poliqonunda itkin düşüb. Müdafiə departamentinin məlumatına görə, onlar hərəkətsizləşdirilmiş taktiki maşını yedəkləmək tapşırığını yerinə yetiriblər.
Qeyd edək ki, martın 31-də itkin düşən hərbçilərdən 3-nün öldüyü, daha birinin axtarışlarının davam etdiyi bildirilib.