Lotu Qulinin qətlinə görə Rövşən Lənkəranskinin iki adamı tutuldu – FOTObackend

Lotu Qulinin qətlinə görə Rövşən Lənkəranskinin iki adamı tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər 2020-ci il sentyabrın 27-də Qarabağda Vətən müharibəsi başlamasaydı, şübhəsiz ki, ölkə mətbuatının başlıca gündəm mövzularından biri Lotu Quli ləqəbli məşhur “vor zakon” Nadir Səlifovun qətli olacaqdı.

Xəbər verildiyi kimi Lotu Quli ötən il avqustun 20-də Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan Xan Əhmədlinski ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnərək öldürülmüşdü. O, hadisə yerindən qaçarkən yaxalanmışdı.

Məşhur mafiya liderinin qətlinin sifarişçisi kimi 2016-cı ildə İstanbulda öldürülən digər azərbaycanlı mafioz Rövşən Lənkəranskinin klanı hesab edilirdi və mətbuat yazırdı ki, Lotu Qulidən məhz onun qətlinə görə qisas alıblar.

İstanbul polisi qətl üzrə əməliyyat-istintaq tədbirlərini həyata keçirərək iki Azərbaycan vətəndaşını həbs edib. Bu hadisə Qarabağda müharibənin başlamasından cəmi 3 gün sonraya təsadüf etdiyindən normal olaraq Azərbaycan mediasının diqqətini cəlb etməmişdi.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, saxlanılanlar Əli Mövlanlı və Rəsul Həsənov adlı şəxslərdir. Onlar 2020-ci il oktyabrın 29-da Bakıdan Ukraynaya gedərkən İstanbulda yaxalanıb.

Belə görünür ki, həmin vaxt koronavirus pandemiyasına görə Bakıdan Ukraynaya birbaşa reyslər olmadığından şübhəlilər İstanbul üzərindən uçmağa qərar veriblər.

İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla və terrorla mübarizə idarəsinin əməliyyatçıları onları İstanbul aeroportuna enən kimi saxlayıblar. Çünki bu şəxslərin Lotu Quli cinayətində əli olduqları barədə polisdə əməliyyat məlumatları olub.

Polis qaynaqlarının bildirdiyinə görə, Əli Mövlanlı və Rəsul Həsənov qətlin planlaşdırılmasında və təşkilində iştirak ediblər. Qətldən təxminən bir saat əvvəl isə Türkiyədən qaçıblar.

Onlar cinayətdən bir neçə gün əvvəl Xaqan Zeynalovla görüşüblər, Antalyanın Serik rayonundakı otellərdən birində qalıblar və Lotu Qulinin qətlindən bir saat əvvəl təyyarə ilə Türkiyəni tərk ediblər.

X.Zeynalov hələlik sifarişçinin adını çəkmir və Lotu Qulini “xoşu gəlmədiyi üçün öldürdüyünü” deyir.