Maddi çətinlik uşaqları valideyn himayəsindən ayıra bilərmi? – Qanunlar deyir ki…backend

Maddi çətinlik uşaqları valideyn himayəsindən ayıra bilərmi? – Qanunlar deyir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 2009-cu il təvəllüdlü Nurcan Cəfərova həyatına qəsd etmişdi. 16 yaşlı yeniyetmənin atasının ondan imtina etməsindən sonra belə fikrə düşdüyü bildirilir.

Nurcandan geri qalanları götürən şəxs onun ana babası olub. Məlumata görə, Nurcanın anası da o, 7 yaşında olarkən intihar edib.

Qeyd edək ki, Nurcanın atası Elşad Cəfərov Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova isə müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib. Şəmkir Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib.

Baş vermiş hadisə məsələnin digər tərəfini – ailələrin maddi rifahını və bundan irəli gələn məsələləri önə çıxırır. Belə ki, paytaxt və bölgələrdə bəzi ailələr maddi çətinliklər səbəbindən övladlarını müvəqqəti dövlət himayəsinə və ya başqa ailələrə vermək məcburiyyətində qalırlar.

Lakin ekspertlər bildirir ki, maddi imkanların az olması uşağın valideyn himayəsindən çıxarılması üçün kifayət deyil.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Elçin Bayramlının sözlərinə görə, uşaq yalnız maddi təminatla böyümür:

“Onun sağlam inkişafı üçün sevgi, qayğı və valideyn diqqəti vacibdir. Maddi çətinliklər olsa belə, dövlətin sosial dəstək proqramları mövcuddur. Valideynlər bu dəstəyi istifadə edərək uşağa normal həyat şəraiti yarada və onu evində böyütmək imkanını əldə edə bilərlər. Uşaqlar müvəqqəti dövlət himayəsində olduqda psixoloji sabitliklərini itirə bilərlər. Valideyn himayəsi uşaq üçün təkcə maddi təminat deyil, həm də emosional dayaqdır. Dövlət himayəsi yalnız müvəqqəti tədbirdir və məqsəd uşağın təhlükəsizliyini qorumaqdır.”

Hüquqşünas Samir Qasımov NOCOMMENT.az-a bildirib ki, valideynlər uşağı yenidən öz himayəsinə götürmək üçün sosial xidmətlərə və məhkəməyə müraciət etməlidirlər:

“Məhkəmə ailənin vəziyyətini qiymətləndirir və uşağa normal həyat şəraiti təmin edilə biləcəyinə əmin olduqda onu valideyninə qaytarır. Maddi çətinlik yalnız uşaq hüquqlarına ziyan vurmadığı təqdirdə problem yaradır. Uşağın rifahı və təhlükəsizliyi hər zaman əsas prioritet olmalıdır. Maddi imkanları az olan valideynlər də qanun çərçivəsində uşaqlarını yenidən öz himayələrinə qaytara bilər. Əsas məsələ uşağın normal böyüməsini təmin etmək və sosial dəstək mexanizmlərindən düzgün istifadə etməkdir.”