Mahmudovun oğlunun vəkili açıqlama yaydı: Həmin ərazi Anara məxsusdur – Videobackend

Mahmudovun oğlunun vəkili açıqlama yaydı: Həmin ərazi Anara məxsusdur – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş MTN-in rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adamlarının şirkətə basqın etməsi xəbəri ilə bağlı onun hüquqi nümayəndələri açıqlama yayıblar.

Həmin xəbər NOCOMMENT.az saytında da “Gununsesi.info”ya istinadən yayımlanıb. Bu üzdən qarşı tərəf olaraq Mahmudovun nüümayəndəsi, vəkil Cavid Rzazadənin açıqlamasını təqdim edirik:

“23 iyul 2021-ci il tarixdə «gununsesi.info» saytda «Sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudovun cəzasız cəzasız qalması onun qanunsuz əməllərinə yenidən rəvac verməsinə gətirib çıxarıb» başlıqlı məqalə paylaşılıb.

Məqalənin ilk cümləsindən son cümləsinə kimi hər birisi uydurma, şər-böhtan və boş söz yığınınından ibarətdir.

Birincisi redaksiyaya filan hər hansı bir müraciət daxil olmayıb, qalmaqallı «Sahil-D» Şirkətinin polisin qanuni tələblərinə tabe olmayan əməkdaşları tərəfindən əraziyə bir telefon zəngi ilə jurnalist Pərviz Həşimli çağırılmışdır.

Pərviz Həşimli elə oradaca verdiyi sualların cavabını məndən almış, lakin mənim cavabım onun bu uydurma məzmunlu məqaləsində göstərdiklərini sənəd və sübutla təkzib etdiyindən həmin videoyazını məqaləsində paylaşmamışdır. Yəni özünəməxsusluğu ilə seçilən Pərviz Həşimli videoçəkilişlərini kəsib qurub düz-qoş edərək öz aləmində belə bir məqalə ərsəyə gətirmiş və bunu öz adından belə paylaşmağı cəsarət etməyib «gününsəsi» saytı vasitəsi ilə yaymışdır. Məhz Pərviz Həşimli tərəfindən bu absurd məqalənin təşkil olunmasına dair foto və videomateriala sahibik.

İkincisi hər hansı bir hücum təşkil olunmamışdır. Mən, 2014-cü ildə DƏDRX tərəfindən verilmiş RX seriyalı 0478227 nömrəli Çıxarış əsasında mülkiyyət sahibi olan Anar Mahmudovun etibarnamə üzrə tam səlahiyyətli nümayəndəsi və vəkili olaraq əmlakın zəbt edilməsi, orada olan avadanlıq və mebellərin talan edilməsi, habelə özbaşınlağına son qoyulması ilə bağlı rəsmi şəkildə 03.07.2021-ci il tarixli şikayətlə polisə müraciət etmişəm (sonradan eyni ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna da müraciət ünvanlamışam). Məhz mənim hüquqi müstəvidə etdiyim müraciət əsasında zəbt, talançılıq və özbaşınalıq əməllərinin araşdırılması məqsədi ilə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları mülkiyyət hüququ üzrə təmsil etdiyim şəxsə məxsus obyektə daxil olub orada baxış keçirmək istəmişlər. Bizdə olan videomaterialdan da göründüyü kimi, həqiqətdə hər hansı bir basqından söhbət belə gedə bilməz, əksinə obyektin yerləşdiyi ərazidə olan «Sahil-D» şirkətinin 6-7 əməkdaşı polisin qanuni tələblərinə, yəni apardığı araşdırma materialı əsasında obyektə baxış keçirmək istəyinə maneçilik törətməklə yanaşı səs-küy salmaq üçün Pərviz Həşimlini də çağırmışlar.

Daha sonra məqalədə qeyd olunur ki, güya «əraziyə çatarkən MTN şefinin qohumları və bir nəfər vəkil başqasına məxsus obyektə daxil olmağa çalışırdı». Pərviz Həşimli əraziyə yaxınlaşanda mən vəkil olaraq polis əməkdaşı ilə birlikdə obyektdən ən azı 20-30 metr aralı məsafədə idik və «Sahil-D» şirkətinin əməkdaşları kimi özlərini təqdim edən şəxslərlə danışıq aparırdıq. Yanımda heç kimin qohumu filan olmamış, Pərviz Həşimlinin öz «möhtəşəm» məqaləsində «qohum» kimi fotosunu paylaşdığı şəxs isə mənim vəkil yoldaşım Nicat Nağıyevdir. Bununla bağlı Pərvizə vatsap vasitəsi ilə maraq üçün yazıb «qohum» sözünü hardan uydurduğunu öyrənmək istədikdə cavabı bu olmuşdur ki, «görmürsən Anara oxşayır?». Özünü jurnalist hesab edən Pərviz Həşimlinin bu qədər bəsit və yalnız gülüş doğura biləcək yanaşması məndə təəcüb doğurmadı.

Mülkiyyətçinin nümayəndəsi və vəkili olaraq mülkiyyətdə olan sahəyə buraxılmalı olduğumu “Sahil-D” şirkətinin əməkdaşlarından dəfələrlə şifahi şəkildə müraciət edərək xahiş etmişəm, sonuncu müraciətimdə guya məndə olan Çıxarışın ləğv olunduğunu dediklərində bu xüsusatı araşdırmaq üçün DƏDRX-ə rəsmi vəkil sorğusu ilə müraciət etmişəm və verilən 213020732907 nömrəli 18 may 2021-ci il tarixli cavab məktubu ilə məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi Anar Mahmudovun adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

Məqalədə adı çəkilən Kənan adlı şirkət əməkdaşına münasibətdə isə bildirirəm ki, 19.07.2021-ci il tarixdə obyektə yaxınlaşdıqda orada olan Ruslan adlı mühafizəçi mənə telefonu uzadaraq Kənan adlı şəxsin mənimlə danışmaq istəyini bildirmiş və mən onunla danışdıqda Kənan məni ölümlə hədələyərək obyektdən uzaq durmalı olduğumu dediyindən ayrıca şikayətlə DİN-in 102 xidmətinə müraciət etməli oldum.

Məqalədə olan hər bir cümləyə münasibət bildirmək çətinlik törətməsə də, buna lüzum görmürük. Pərviz Həşimlinin məqaləsində olan bir cümlə belə hər hansı bir sübutla və sənədlə təsdiq edilə bilməz, çünki belə bir sənəd ümumiyyətlə mövcud deyil. Eldar Mahmudov, oğlu Anar Mahmudov və vəkil olaraq mənə münasibətdə məqalədə qeyd olunanlar Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təqsirsizlik prezumpsiyasına ziddir. Heç kimə, o cümlədən Pərviz Həşimliyə hüquq verilməmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan kimi isə «cinayətkar», «basqın təşkil edən», yaxud adam oğrusu adlandırsın.

Biz Anar Mahmudovun nümayəndəsi və vəkili olaraq Pərviz Həşimlini və «gününsəsi» saytını müvafiq təkziblə çıxış etməsini tələb edirik. Xatırladırıq ki, barəmizdə əsassız məlumatların yayılması qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət edib təkzib verilməsini tələb etmək, həmçinin işgüzar nüfuza zərərin qarşılanması iddiası ilə çıxış etmək hüququnu yaradır”.

Yenisabah