Avropa və Fransa Rusiyanın hipersəsli “Oreşnik” raket kompleksinə bənzər silahlanmaya malik olmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron İstr aviabazasında fransız hərbçiləri qarşısında çıxışı zamanı səsləndirib.
Makronun sözlərinə görə, mövcud beynəlxalq şərait Avropadan daha sürətli və qətiyyətli addımlar atmağı tələb edir. O bildirib ki, azad qalmaq üçün güclü olmaq, güclü olmaq üçün isə çəkindirici imkanlara sahib olmaq vacibdir:
“Azad qalmaq üçün bizdən qorxmalıdırlar. Bizdən qorxmaq üçün isə güclü olmalıyıq. Bu qədər sərt və qəddar dünyada güclü olmaq üçün daha sürətli və daha qətiyyətli hərəkət etməliyik”.
Fransa prezidenti qeyd edib ki, dünya son illərdə sabitliyi pozan qüvvələrin fəallaşdığı bir mərhələyə daxil olub:
“Biz elə bir dünyadayıq ki, burada destabilizasiyaedici qüvvələr oyanıb və bunu son illərdə açıq şəkildə gördük”.
Makronun fikrincə, vəziyyəti daha da mürəkkəbləşdirən məqam ondan ibarətdir ki, onilliklər boyu formalaşmış bəzi əsas prinsiplər artıq şübhə altına alınır və Avropa öz fundamental dayaqları ilə bağlı ciddi suallarla üz-üzə qalıb.
Fransa lideri çıxışında Rusiyanın son raket sınaqlarına da toxunub. O bildirib ki, Moskvanın çox uzaqmənzilli raket buraxılışını ikinci dəfə nümayiş etdirməsi açıq mesajdır:
“Biz Rusiyanın yenidən çox uzaqmənzilli raket buraxılışını müşahidə etdik. Bu, özünü belə imkanlarla təchiz etməyə qərar vermiş bir dövlətin çox aydın siqnalıdır”.
Makronun bu açıqlamaları Avropanın təhlükəsizlik və müdafiə siyasətində yeni silahlanma mərhələsinin gündəmə gələ biləcəyini göstərir.













