Maliyyə bazarlarına dəstək bank sisteminə nə vəd edir?   backend

Maliyyə bazarlarına dəstək bank sisteminə nə vəd edir?  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Cari trendlər

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarı iştirakçılarının pandemiyadan qorunması istiqamətində requlyativ tətillərin verilməsi, istehlakçıların hüquqlarının qorunması, kredit ekspansiyasına şərait yaradılması, dijitallaşmaya keçidin sürətləndirilməsi və maliyyə inklüzivliyinin artırılmasına dəstək üzrə tədbirləri əhatə edən geniş spektrli dəstək proqramı qəbul etdi.

NOCOMMENT.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə bazarlarına dəstək tədbirləri çərçivəsində bank sistemi üçün real prioritetləri və bir sıra digər məqamları ilə bağlı araşdırmasını təqdim edir.

İlk öncə onu qeyd edək ki,“resurs paradoksu” nəzəriyyələrindəkarbohidrogen resurslarına malik ölkələrin maliyyə-bank sistemlərinin tarixən digərləri ilə müqayisədə daha çox çağırışlarla üzləşdiyiiddia olunur. İqtisadi ədəbiyyatlarda həm də “resursların lənəti” adını almış bu tendensiyanın səbəbləri ilə bağlı yekdil fikirlər olmasa da, bu cərəyanın sonradan maliyyə sektoru vasitəsilə digər iqtisadi sektorlara da ötürüldüyünü demək olar. Təkcə siyasi səbəblərdən son 50 ildə neft qiymətlərində dəfərlərlə kəskin dalğalanmalar (Yom Kippur müharibəsindən Liviya böhranına qədər) baş verib vənüfuzlu beyin mərkəzlərinin analizlərinə görəhətta gəlirlərin artması halında belə kəskin tərəddüdlərqeyri-işlək kreditlərin  artması, likvidliyin buxarlanması, risklərin artması ilə müşayiət olunmaqla maliyyə sistemlərinin inkişaf zəncirini dalğalandırır.Bu proses sonradan digər iqtisadi sektorlarda ÜDM artımının enməsi, dövlət gəlirlərinin və yığımın azalması, işsizliyin, fiskal defisitin artımı və s. şəklində paralel və transfersal qaydada müşahidə olunmağa başlayır. Örnəyi olaraq,Beynəlxalq Valyuta Fondunun ekspertləri tərəfindən 68 hidrokarbon ölkəsi üzrə aparılmış təhlillər bank sistemi aspektləri üzrə maliyyə dərinliyinin bu ölkələrdə digərlərinə nəzərən daha zəif olduğunu göstərib(özəl sektora kredit/ÜDM,depozit/ÜDM, özəl sektora kredit/depozit və s. nisbətlər üzrə).

Lakin bütün çağırışlara baxmayaraq, Azərbaycanın maliyyə-bank sisteminin ümumi tematikası onun ötən illər ərzində bütün əsas elementlər üzrə – maliyyə dərinliyi, maliyyə sabitliyi, maliyyə effektivliyi və maliyyə inklüzivliyi üzrə kifayət qədər uğurlu inkişaf tendensiyaları nümayiş etdirdiyini göstərir.

Hazırda ölkənin bank sektoru 2015-ci ilin neft böhranından sonra mötədil artım tendensiyası nümayiş etdirməklə sabitləşmə və inkişaf fazası arasında “var-gəl etməkdədir”.Örnəyi olaraq,cari dövrəfiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,2 milyard, ümumi depozitlərin həcmi isə 24,9 milyard manatı ötmüşdür və 2016, 2017-ci illlərin neqativ istiqamətli tendensiyası  son iki il ərzində hər iki göstərici üzrə artmadinamikası ilə əvəz olunub. Bir sıra keyfiyyət göstəriciləri də,yəni xarici valyutaların xüsusi çəkisi böhran dövrü ilə (2015, 2016) müqayisədə 2 dəfəyə yaxın azalıb, tələb olunan depozitlərin  xüsusi çəkisinin artım tendensiyası isə demək olar ki, son 1 il ərzində sabitləşmə meyli nümayiş etdirib.Kredit portfelləri üzrə dedollarizasiya prosesləri də 2016-cı illə müqayisədə 16 % artmaqla 65 %-ə çatıb.Bank sisteminin effektivliyi üzrə elementlərdən olan həm milli valyuta, həm də xarici valyutada faiz dərəcəsi spredi 4 % ətrafında stabilləşmişdir. Dünya Bankının məlumatlarının analizi də bir sıra region ölkələri ilə müqayisədə Azərbaycanın bu istiqamətdə göstəricilərinin (Qırğızıstan-17,1, Ukrayna-7,2 və s.) nikbin olduğunu göstərir. Əlbəttə ki, makroiqtisadi sabitlik daha da gücləndikcə və maliyyə sisteminin sağlamlaşdırılması tədbirləri icra edildikcə keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasıüzrə potensial imkanlar daha da artacaqdır.

Kredit siyasəti üzrə dəstək

Dəstək tədbirlərinin ən mühüm istiqamətlərindən biri01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının vəsaitləri hesabına verilmiş kreditlərin və İpoteka və Kredit Zəmanət Fondununkreditlərinin restrukturizasiyası, yənigüzəştli şərtlərlə əvəz olunmasıdır. Həmçinin, fiziki şəxslər və sahibkarlıq subyektləri üzrə kredit öhdəliklərinin tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə edilib və bu tədbirlərnəzəri olaraq vətəndaşların borc yükünün azalmasına müsbəttəsir edəcəkdir.

Burada bir məqamı xüsusi qeyd edək ki, sahibkarlıq subyektləri üzrə bu tədbirin icrası, yəni istər kredit faizlərinin subsidiyalaşdırılması, istərsə də, restruktrizasiya prosesinin özü real sektorun kreditlərə çıxış imkanlarına müsbət təsir göstərəcəkdir.Hazırda ölkədə real sektorun maliyyələşdirilməsində ticarət və xidmət sektoru, sənaye, nəqliyyat və rabitə sektorları nisbətən yüksək xüsusi çəkiyə malikdir. Lakin bununla birgə, kənd təsərrüfatına ayrılan kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi cəmi 3,4% təşkil edir. 2020-ci il 08 aprel tarixli Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən istifadə mexanizmi ilə bağlı Fərmanla aqrar sahədə kredit təminatlarının verilməsi mexanizmi formalaşdırıldı, sektoral bank risklərinin mitigasiyası imkanları yaradıldı və bu sahəyə verilən kreditlərin qarşıdakı müddətdə artması da gözləniləndir. Eyni zamanda ümumilikdə maliyyə sektoru tərəfindən təmin olunan kreditlərin miqdarının artması müvafiq indikator üzrə maliyyə dərinliyi əmsalının da hazırkı 30 % göstəricisindən daha yüksək göstəriciyə nail olmağa da müsbət təsiredə bilər. Məlumat üçün qeyd edək ki, analoji göstərici Qazaxıstanda 30, Qırğızıstanda 22, Tacikistanda 12, Türkiyədə isə 60% civarındadır.

Eyni zamanda dəstək proqramına əsasən kreditlər restruktrizasiya edilərkən  kreditlərin keyfiyyətinin pisləşdirilməsinə yol verilməyəcəkdir.Bununla bağlı iki təsir aspektiniqeyd etməliyik:

  1. Maliyyə sabitliyinin mühüm elementlərindən hesab olunan qeyri-işlək kreditlərin xüsusi çəkisi (NPL əmsalı) ötən illər ərzində əsaslı şəkildə azalmış və Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində (SYX) bu istiqamətdə nəzərdə tutulmuş hədəflərə demək olar ki, nail olunub. Belə ki, NPL əmsalı hazırda bank sektoru üzrə 8,9% ətrafındadır və 2017-ci ilin 15 faizlik bumu ilə müqayisədə davamlı resessiv trend nümayiş etdirməkdədir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 2015-ci ilin neft böhranından sonra MDB məkanında NPL əmsalının azalma göstəricisi üzrə ən yüksək göstəriciyə nail olmuş ölkədir və NPL əmsalının azaldılması istiqamətində Sloveniya, Estoniya, Danimarka kimi mühüm inkişaf trendlərini yaşamış ölkələrin sırasına qoşulmuş oldu. Buna isə müvafiq dövlət proqramları, fiziki şəxslərin kreditləri ilə bağlı 2019-cu il 28 fevral tarixli Prezident Fərmanı xüsusi təsir göstərib və bu baxımdan indiki halda kreditlərin keyfiyyətinin pisləşdirilməməsi bu tendensiyanın mənfiyə doğru dəyişməsinin və əldə olunmuş nailiyyətlərin itməsinin qarşısını alacaqdır.
  2. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na əsasən restruktrizasiya olunmuş aktivlərin keyfiyyətinin pisləşdirilməməsi həm də banklar tərəfindən bu kreditlər üzrə ehtiyatların ayrılmasına təsir göstərəcək və restruktrizasiya olunmuş aktiv üzrə əlavə ehtiyatlar ayırmaqla yeni bank xərclərinin yaranmasının qarşısını alacaqdır.

 Nisbətən “yumşaq prudensial çərçivə”yə keçid

Dəstək proqramındarequlyativ çərçivənin sistem əhəmiyyətli banklar və digər banklar üzrə ayrılması qanunvericiliyə edilmiş son dəyişikliklərə uyğun olaraq, müvafiq banklarla bağlı tənzimləmə çərçivəsinin fərqli olması ilə bağlıdır. Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 12%-dən 11%-dək, digər banklar üzrə isə 10% -dən 9%-dək azaldılması nəzərdə tutulub. Burada bir arayış verək ki,sistem əhəmiyyətli banklar aktiv və öhdəlikləri,  qiymətli kağızlar, ödəniş sistemləri, birjadankənar əməliyyatlar kimi amillər nəzərə alınmaqla Azərbaycanın maliyyə-bank sistemi üçün kritik infrastruktur əhəmiyyətinə malikdir. Ümumilikdə isə kapitalın adekvatlığı indikatorları üzrə banklara 5 əsas istiqamətdə mühüm dəstək verilmiş oldu:

  1. Bank qanunvericiliyinə edilmiş sonuncu dəyişikliklərə əsasən sistem əhəmiyyətli bankların adekvatlıq əmsalı üzrə minimum tələb 12 %, digər banklar üzrə isə 10 % təşkil edirdi.
  2. Adekvatlıq əmsalının azaldılması birbaşa təsir qüvvəsi daşısa da, digər tərəfdən də məcmu kapitalın adekvatlıq əmsalının hesablanması zamanıbazar və əməliyyat riskləri də 2020-ci il ərzində nəzərə alınmayacaqdır. Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən bank kapitalının adekvatlığı məcmu kapitalın kredit, bazar və əməliyyat risk dərəcəsi üzrə ölçülmüş aktivlərin cəminə nisbəti kimi hesablanırdı. İndiki halda isə prudensial hesabatlılıq məqsədi ilə təkcə kredit riskləri üzrə hesablama aparılacaqdır. Əlbəttə, mövcud vəziyyətdə əməliyyat risklərinin artması ehtimalı aşağı olsa da, volatil iqtisadi şərait ən çox bazar risklərini tətikləyir və bu baxımdan bazar risklərinin nəzərə alınmasının likvidlik göstəricilərinə də müsbət təsir edəcəyini deyə bilərik.
  3. Kontr-tsiklik kapital buferinin 2021-ci ilədək nəzərə alınmaması isəindiki haldaəlavə likvidlik imkanı ilə birgə ölkə banklarına həm də yeni sistemə əlavə keçid imkanları yaratmış oldu.
  4. Bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimi verilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılması isə yenə son nəticədə risklə ölçülmüş aktivlərin göstəricisini(məxrəc göstəricisini) azaltdığına görə məcmu adekvatlıq əmsalını da yuxarı doğru tətikləyəcəkdir.
  5. İstehlak kreditləri üzrə əlavə kapital tələblərinin 01 yanvar 2021-ci ilədək təxirə salınması da kapitalın adekvatlığı göstəricisinə birbaşa təsir edəcəkdir. Belə ki, borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti (DTI əmsalı) üzrə əlavə risk dərəcəsinin nəzərə alınmaması adekvatlıq əmsalının xüsusi çəkisində risklə ölçülmüş aktivlərin artmasına imkan verməyəcəkdir. Xüsusən də nəzərə alsaq ki, indiki halda ölkə banklarının portfelində istehlak kreditlərinin xüsusi çəkisi yüksəkdir, o zaman bu təsirin əsaslı olacağını deyə bilərik. Lakin bu prosedur eyni zamanda bankların istehlak kreditlərinə istiqamətlənməsi üçün əsas rolunu oynamayacaqdır. Çünki dəyişikliyinqısa müddətli olmasını nəzərə alsaq, bankların bu müddət ərzində istehlak kreditləri ilə bağlı siyasətlərini yumşaltma istiqamətində yenidən dizayn edəcəyi və ya etsə belə nəticələrinin nəzərəçarpacaq dərəcədə olması gözlənilən deyil.

Yeni dəstək proqramında dividend ödənişlərinin, kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla,yarım il ərzində təxirə salınması  da nəzərdə tutulub ki, bu da banklara 2020-ci il ərzində daha çox biznes proseslərin davamlılığını təmin etməyə hesablanıb. Ümumən isə bu istiqamətlərdən qənaət olunan vəsait nəinki bankların zərərlərini örtməyə imkan verəcək, həmçininkredit ekspansionizmi üçün də əlavə imkanlar yaradacaqdır.Lakin bununla belə,banklar  bu imkanlardan özlərinin prudensial və requlyativ hesabatlılığını növbəti inkişaf dövrü üçün daha da təkmilləşdirmək məqsədilə istifadə etməlidirlər.

Maliyyə əlçatanlığı və ya kredit hesabatlılıq sistemləri üzrə dəstək

Tədbirlərin mühüm istiqamətlərindən biri olaraq keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlarüzrə (həm fiziki şəxslər, həm də sahibkarlıq subyektləri) neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması nəzərədə tutulub ki, bu da borcalanların kredit tarixçəsinin pisləşməsinin qarşısını alacaqdır. Qeyd edək ki, Azərbaycan Kredit Bürosuna məlumatların təqdim olunması üzrə qaydalara əsasən borcalanların kredit tarixçəsində öz etiraz qeydlərini yazması üçün imkanlar əvvəllər də mövcud idi. Lakin indiki halda bu prosedurun banklar tərəfindən, avtomatlaşdırılmış sistemlər vasitəsi ilə icra edilməsi həm operativ xarakter daşıyır, həm də kredit hesabatlılıq sistemlərinin əsas prinsiplərinə müvafiq olaraq, kredit təchizatçılarının nəzdində daha etibarlı xüsusiyyətə malikdir. Bu prosesin özü isə ümumilikdə götürdükdə indiki şəraitdə Dünya Bankının məlumatlarına istinad etsək 3 milyondan çox borcalanın kredit tarixçəsinin neqativə doğru dəyişməməsini sığortalayacaq. Əlavə olaraq, bu, fiziki şəxslərin problemli kreditlərinin həlli  ilə bağlı 2019-cu il 28 fevral tarixli Fərmandan sonra bank sistemində müşahidə olunan ekspansiyadan yararlanmaqla korlanmış kredit tarixçələrini bərpa edən borcalanların tarixçəsini neqativ təsirdən qorumaqla maliyyə intizamının davamlılığınamüsbət təsir edəcəkdir.

Rəqəmsallaşma istiqamətində dəstək

Son illərdə ölkədə rəqəmsal iqtisadiyyatın qurulması  istiqamətində xüsusi tədbirlər icra edilmiş, dijital ödənişlər üzrə xüsusi dövlət proqramı qəbul olunub. Yeni dəstək proqramında da nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və bu xidmətlər üzrə xərclərin azaldılması məqsədilə 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqqlarının 50%-ə qədər endirilməsi və buna müvafiq banklar tərəfindən dəmüştərilərinə qarşı eyni güzəştlərin təşviqi və sahibkarlıq subyektlərinin ödəniş kartları ilə ödənişlərinin qəbulu üzrə xərclərinin azaldılması məqsədilə ekvayer tariflərinin 50%-ə qədər endirilməsinin təşviqi nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, yeni trendlər bu vaxta qədər mövcud olan beynəlxalq metodologiyaları və inkişaf paradiqmalarını  dəyişir. Buna uyğun olaraq da, bu dəstək xüsusi əhəmiyyətə malikdir və ölkə banklarının rəqəmsal tranformasiya istiqamətində tədbirlərin icrasını sürətləndirəcəyi də gözləntilər sırasındadır. Bu gün müasir bankçılığın siması, əməliyyatlar spektri və fəaliyyət istiqamətləri də kəskin sürətdə dəyişməkdədir. Örnəyi olaraq,yaxın dövlərə qədər maliyyə inklüzivliyi elementlərindən biri kimi “hər yüz min nəfərə düşən bank filiallarının sayı” göstəricisi nəzərdə keçirilirdi, eyni zamandason illərdə biz rəqəmsal bankçılığın inkişafına olan tələb və xidmətlərin geniş çərçivədə inkişafı, məsafədən bank xidmətlərinin çeşidinin və kanallarının artmasının əks-trendlə əvəz olunduğunu və bir sıra ölkələrdə filial şəbəkəsinin azalması ilə nəticələndiyinin şahidi oluruq. Təsadüfi deyil ki, Avropa Banklar Assosiasiyasının 2018-ci il üzrə rəsmi statistikasına əsasən internet bankçılığın 2008-ci ilin 29% göstəricisindən 50% göstəricisinədək artması bank filiallarının da sayının azalmasına səbəb olub. Belə ki, müvafiq dövr ərzində bank filiallarının sayında 21 faizlik azalma qeydə alınıb (233,000-183,000). Təxminən son 10 illik periodda təkcə İspaniyada 18 min, İtaliyada 5,8 min, Almaniyada isə 8,7 mindən çox bank filialı azalıb. Göründüyü kimi,qabaqcıl bank sisteminə malik iqtisadiyyatlar bankçılığa innovativ yanaşmaların və İKT-nin tətbiqi istiqamətində işləyirlər, xüsusilə də indiki pandemiya şəraitində məsafədən bankçılıq və rəqəmsal xidmətlərin əhəmiyyəti kritik dərəcədə artır. Azərbaycan bank sistemi üçün də bu, prioritet inkişaf istiqamətlərindən biri kimi nəzərə alınır və banklar da bu istiqamətdə öz əməliyyat xərclərinin artmasından çəkinməməlidir.

Onu da qeyd edək ki, dəstək tədbirlərində bank sistemi ilə bərabər, sığorta və kapital bazarı iştirakçılarına da likvidlik dəstəyinin verilməsi, requlyativ tətil, məsafədən xidmətlərin təşviqi, inzibati prosedurların azaldılması üzrə tədbirlər nəzərdə tutulub və dəstək proqramı ümumilikdə beynəlxalq qabaqcıl təcrübədə artıq bir sıra ölkələr tərəfindən tətbiq edilmiş uğurlu yanaşmaları özündə ehtiva edir.

Yekun olaraq, müvafiq dəstək proqramı, Mərkəzi Bankın bir sıra banklara müvəqqəti inzibatçılar təyin etməklə onları xüsusi nəzarətə götürməsi maliyyə bazarlarının sabit inkişafının dəstəklənməsi, sistematik risklərin mitigasiyası, kontragentlərin makroekonomik vəziyyətinin qorunmasına öz müsbət təsirini göstərəcəkdir.