Türkiyədə məşhurları əhatə edən genişmiqyaslı narkotik istintaqında yeni təfərrüatlar üzə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, aktrisa Melisa Döngel məxsus mobil telefondan əldə olunan rəqəmsal materiallar istintaq materiallarına daxil edilib.
İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində telefon üzərində aparılan ekspertiza zamanı narkotik maddələrin alınması ilə bağlı olduğu iddia edilən çoxsaylı yazışmalar və fotoşəkillər aşkarlanıb.
İstintaq sənədlərində yer alan məlumatlara görə, bəzi mesajlarda “Salam dostum, kokain satıcısı varmı?” və “Təcili kokainə ehtiyacım var, dostum” kimi ifadələrə rast gəlinib. Həmçinin müxtəlif şəxslərlə aparılan yazışmalarda narkotik vasitələrin əldə olunması və istifadəsi ilə bağlı müzakirələrin yer aldığı bildirilir.
Araşdırma zamanı telefonun qalereyasında da diqqətçəkən görüntülər tapılıb. İddialara əsasən, həmin fotolar arasında narkotik maddələrin istifadəsinə hazırlıq mərhələsini əks etdirən görüntülər, müxtəlif qadağan olunmuş maddələrin şəkilləri və aktrisanın narkotik istifadə etdiyi ehtimal olunan fotolar yer alıb.
Melisa Döngelin telefonundan əldə edilən məlumatlar əsasında İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə geniş əməliyyat keçirilib. İstanbul Vilayət Jandarma Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı əməkdaşlarının iştirakı ilə həyata keçirilən əməliyyatda 43 nəfər şübhəli şəxs saxlanılıb.
İstintaq materiallarında saxlanılan şəxslərin sosial şəbəkələr, xüsusilə Telegram üzərindən narkotik vasitələrin satışını təşkil etdikləri iddia olunur. Hazırda saxlanılan şəxslərlə bağlı hüquqi prosedurlar davam edir, istintaq isə çoxşaxəli şəkildə aparılır.
Sara
NOCOMMENT.az















