Maral Nacaryan necə əsir düşdüyündən danışdı: Ərimin telefonuna baxıb gördülər ki…backend

Maral Nacaryan necə əsir düşdüyündən danışdı: Ərimin telefonuna baxıb gördülər ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da sərbəst buraxılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryan müsahibə verib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, “Şant” televiziyasına müsahibə verən Maral Nacaryan əri ilə birlikdə necə əsir düşdükləri barədə danışıb.

O bildirib ki, noyabrın 10-da Azərbaycan hərbçiləri tərəfindən Şuşada girov götürülüblər: “2020-ci ilin avqust ayında Beyrut limanında baş verən partlayışdan sonra qohumlarımızla birlikdə Ermənistana köçdük və daha sonra Qarabağ ərazisində yerləşdirildik. Müharibədən sonra 10 noyabrda ərimlə birgə Şuşaya getdik. Bir anda Azərbaycan hərbçiləri bizi əhatə etdi. Bizdən kim olduğumuzu soruşdular, əşyalarımızı götürmək üçün gəldiyimizi dedik. Onlar bildirdilər ki, əgər sizdə hər şey qaydasındadırsa İrəvana göndərəcəklər. Hərbçilər bizi yoxladılar. Həyat yoldaşımın telefonuna baxarkən orada könüllü döyüşçü olduğunu əks etdirən fotoları gördülər. Bundan sonra bizi avtomobilə mindirib apardılar”.

Nacaryan müsahibəsinin davamında deyib ki, ərinin könüllü olduğu məlum olandan sonra Azərbaycanlı hərbçilər tərəfindən hər ikisinin öldürüləcəyini fikirləşib.

Ancaq hadisələr fərqli istiqamətdə cərəyan edib: “Bizi cipə mindirdilər içəridə qaz balonları var idi. Vigenin (həyat yoldaşı) gözlərini bağladılar ancaq mənim gözlərim açıq idi. O anda çox qorxdum, sağ qalacağımı ümid etmirdim. Bu vəziyyətdən çıxmaq üçün dua edirdim. Bizi diri-diri yandıracaqlarını düşünürdüm. Ancaq, mənə yaxşı münasibət göstərdilər”.

Qeyd edək ki, dünən Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verərək bildirib ki, Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan, bu ilin 10 mart tarixində azad edilib.