Son zamanlarda paket halında satılan toyuğun ayrı-ayrı hissələrindən ibarət məhsullara tələbat kifayət qədərdir. Bu məhsullar həm böyük marketlərdə, həm də kiçik mağazalarda təklif olunur.
Bəs bunlar nə dərəcə təhlükəsizdir?
NOCOMMENT.az xəbər verir ki, qida üzrə mütəxəssis Asim Vəli Demokrat.az-a açıqlamasında bildirib ki, əgər məhsulun üzərində istehsalçı, istehsal və son istifadə tarixi, sertifikat və saxlanma qaydaları aydın şəkildə yazılıbsa, qeydiyyatdan keçmiş müəssisədə hazırlanıbsa və soyuq zəncir qırılmadan satışa çıxarılıbsa, o zaman bu məhsullar istifadə üçün təhlükəsiz sayıla bilər:
“Əgər məhsul qablaşdırılmadan, üzərində heç bir məlumat olmadan, soyuducusuz və uyğun olmayan şəraitdə satılırsa, sağlamlıq üçün risklidir. Toyuq əti tez xarab olan, bakterioloji cəhətdən həssas məhsuldur. Bu səbəbdən soyuq şəraitdə düzgün daşınması və saxlanılması vacibdir.
Bu məhsullar emal olunmuş formada satılır və bəzən bir neçə toyuğun müxtəlif hissələri qarışdırılaraq təqdim olunur. Məsələn, müəyyən hissələrin tələbatı daha az olduğuna görə, xüsusilə boyun, qanad ucları və başqaları toplu şəkildə daha ucuz qiymətə satmaq istehsalçı üçün daha sərfəlidir.
Həmçinin bəzi hallarda bu məhsullar dondurulmuş, son istifadə tarixinə az qalmış və ya ixrac üçün hazırlanan, satışa çıxarılmayan məhsullar ola bilər.
Digər tərəfdən, bəzi hallarda qeyri-rəsmi şəkildə, sənədsiz emal edilən məhsullar da dövriyyəyə buraxıla bilir. Belə hallarda məhsulun qiyməti aşağı olur, lakin təhlükəsizliyi ciddi suallar doğurur.
Toyuq məhsulu alarkən mütləq etiketinə, istehsalçıya, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirməliyik. Qablaşdırılmamış, mənbəyi bilinməyən və uyğun olmayan şəraitdə satılan ətlərdən uzaq dursaq, daha yaxşı olar”.