MASALLIDA TƏBİİ FƏLAKƏT BAŞ VERİB – 25 min insan 5 gündür işıqsızdırbackend

MASALLIDA TƏBİİ FƏLAKƏT BAŞ VERİB – 25 min insan 5 gündür işıqsızdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftəsonu ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti Masallı rayonunda bir sıra problemlər yaratmışdı. Artıq havanın mülayimləşməsi, qarın əriməsinə baxmayaraq, 5 gündür ki, 25 mindən çox əhali elektrik enerjisindən məhrum qalıb.

Masallı rayonunda əksər yerlərdə su xətti olmadığına görə əhali həyətlərdə elektriklə çalışan su nasoslarından istifadə edir. 5 gündür davam edən elektrik kəsintisi əhalini həm də susuz qoyub.

Bu müddətdə problemin həll ilə bağlı ciddi iş aparılması müşahidə olunmur. Problemin həlli ilə bağlı əhaliyə açıqlama da verilməyib.

Bir neçə gün qabaq “Azərişıq” məsələ ilə bağlı açıqlama versə də, problem hələ də həllini tapmayıb. Elektrik enerjisi yalnız rayonun mərkəz hissəsində verilir.

Əməkdaşımız Masallı Rayon İcra Hakimiyyətinin əlaqə nömrəsinə zəng vurduqda məsul şəxslər cavab verməyib. Əlaqə telefonuna cavab verən mühafizə polisinin əməkdaşı bu işin ona tapşırıldığını bildirdi.

Rayonda yaranmış problemlərin həlli ilə bağlı hansı işlərin görüldüyünü soruşduqda bu suala cavab verə bilməyəcəyini və gözləməyimizi xahiş etdi. Bizi mətbuat üzrə kuratora yönləndirəcəyini bildirdi.

Burada məlum oldu ki, Rayon İcra Hakimiyyətində mətbuatla bağlı iki kurator var imiş. Biri özlərinin dediyi kimi, statistik məlumatları açıqlayır, o biri isə kənardan gələn jurnalistləri “qəbul edir”, “yola salır”.

Daha sonra Nəsib Bağırov adlı şəxs suallarımızı dinlədikdən sonra bildirdi ki, rayonda 25 mindən çox əhali elektrik enerjisinin olmamasından əziyyət çəkir. Problemin yaranmasının səbəbi isə rayonda təbii fəlakətin baş verməsidir: “Yanvar ayının 14-ündən qərargah yaradılıb, problemin həlli ilə bağlı ərazidə fasiləsiz işlər gedir.”

Rayonda təbii fəlakətin baş vermədiyini, havanın da artıq düzəldiyini, lakin problemin həlli ilə bağlı işlərin müşahidə olunmadığını bildirdikdə “Qərargah yaratmaqla bağlı İcra Hakimiyyətinin saytında məqalə yazmışıq. İşin getməsindən xoşunuz gəlmir, yazın. Biz də bilək, kim işləmir” – deyə cavab verdi.

Nəsib Bağırov daha sonra suallara cavab verə bilməyəcəyini və əslində mətbuatla bağlı kuratorun başqa şəxs – Masallı Rayon İcra Hakimiyyətinin müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbaszadə Abbas olduğunu bildirdi.

Abbaszadə Abbas isə suallarımızı dinlədikdən sonra rayonda təbii fəlakətin baş verdiyini təkrarlayaraq “başa düşmürəm, bu məsələrlə bağlı mənə niyə zəng vurursunuz” – deyə iradını bildirdi. Mətbuatla bağlı kurator kimi ona yönləndirildiyimi dedikdə, o qeyd etdi ki, işi sadəcə qonaq gələn jurnalistləri qarşılamaq və narazılıq olanda onları “razı salmaqdır”. Digər məsələlər, statistik məlumatlarla bağlı isə Nəsib Bağırova müraciət etməyimizi xahiş etdi.

Beləcə suallarımız cavabsız qaldı. Artıq 5 gündür ki, İcra Hakimiyyətinin də təsdiq etdiyi kimi, 25 mindən çox əhali işıqsız, internetsiz, susuz qalıb.

“Artıq 4-cü sutkadır ki, sizin bölgəmizdəki elektrik təsərrüfatınızın bərpası ilə məşğuluq. Bəli, düz daşa düşdünüz, məhs biz özümüz məhəllə-məhəllə gəzib yerlə bir olan elektrik məftillərinin bərpası ilə məşğuluq”.

NOCOMMENT.az Azpolitika.info-ya istinadən xəbər veri ki, bunu isə Masallı rayon Nazir Aslanov adına Miyankü kənd orta məktəbinin müəllimi Cəmaləddin Əlizadə sosial şəbəkə üzərindən “Azərişıq” ASC rəhbərliyinə ünvanladığı müraciətində bildirib.

Müəllim qeyd edir ki, Masallı Elektrik Şəbəkəsinin rəhbərliyi qar yağmasını “təbii fəlakət” həsab edir: “Bizi ən çox yandıran da elə budur. Bilin və agah olun: Masallıda son dəfə ekektrik təsərrüfatının əsaslı təmiri işi 1982-ci ilin yayında aparılıb. Az qala 40 il müddətində istismar etdiyiniz alüminium naqillərinin müqaviməti artıq nixromun müqavimətinə bərabərdir. Amma sizə bu bəs eləmir. 10 il əvvəl Masallı Elektrik Şəbəkəsinin başladığı kabelləşmə işi bir-neçə kənd istisna olmaqla yarımçıq qalıb. Bu gün də bölgə ibtidai icma quruluşundan qalma elektrik naqillərinin ümidinə qalıb. Guya ağacların naqillərin üstünə aşması səbəbindən elektrik xətlərinin sıradan çıxması yanlış informasiyadır. Qarın yagması heç vaxt “təbii fəlakət” hesab olunmayıb. Bu, sadəcə bir təbiət hadisəsidir. “Təbii fəkakət” sözün həqiqi mənasında 30 ildir sizin bu bölgə üzrə ekektrik təsərrufatına rəhbərlik edənlərinizdir”.

Şikayətçinin sözlərinə görə, Masallı Ekektrik Şəbəkəsinin rəhbərliyi bildirir ki, onların idarə üzrə vur-tut cəmi 3 fəhlələri var. C.Əlizadə vurğulayır ki, rayonun bütün kəndlərində sıradan çıxmış naqilləri camaat şəxsən özü bərpa edir. “Yaxşı bəs sizin öhdənizə düşən vəzifə nədir”, – Masallı sakini sual edir.

Müəllim onu da bildirir ki, 10 min kV-lik ekektrik xətti qırılıb, internet qovşağınin üstünə düşüb, nəticədə bütöv sistem külə dönüb.

“Ümumiyyətlə, sizin bərbad ekektrik təsərrüfatınızın xalqa vurduğu saysız-hesabsız ziyanın həddi-hüdudu yoxdur. Hər il camaatın su nasoslarından tutmuş televizor-kondisionerinə qədər avadanlıqları sıradan çıxır. Nə vaxta qədər bu besperedel davam edəcək?”, Cəmaləddin Əlizadə sual edir.

O, bildirib ki, Masallının bir sıra kəndlərinə günlərdir elektrik enerjisi verilişi bərpa olunmur. “İşıq idarəsinə zəng elədik, bildirdik ki, 4 gündür elektrik yoxdur, problem nə zaman həll olunacaq? Dedilər, biz ora gəlmirik, gedin, nə bacarırsınsıza, özünüz edin, bizim cəmi 3-5 fəhləmiz var. Təsəvvür edin, Masallıda 240 min nəfər əhali var, bunlar, 3-5 işçidən danışırlar. Hər yerdə elektrik naqilləri qırılıb tökülüb yerlərə, özümüz cavanları səfərbər eləmişik, yığıb calayıb düzəltməyə çalışırıq, özümüz dirəklərə çıxırıq. Başqa kəndlərdə də eyni vəziyyətdir. Yalandan deyirlər ki, ağaclar aşıb, boş söhbətdir…”

 

“Azərişıq” ASC-dən “AzPolitika.info”nun sorğusuna cavab olaraq bildirdilər ki, iki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. “Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb”, – açıqlamada qeyd olunur.

Məlumatda daha sonra bildirilir ki, “Azərişıq” ASC-nin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar. “Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər”, – qurum bildirir. “Azərişıq” ASC bildirir ki, qarın ağırlığına tab gətirməyərək aşmış ağacların müəyyən qurumlar tərəfindən təmizlənməsi əlavə vaxt tələb edir: “Buna baxmayaraq, qəza xidmətlərimiz qəza baş vermiş ərazilərdə işləri fasiləsiz davam etdirir. Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub. Bəzi dağ kəndlərində 0.4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən rayonlarda yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək”.