Mədəniyyət Nazirliyi sözünü tutmur: Müsabiqə qaliblərinin pulu iki ildir niyə verilmir?backend

Mədəniyyət Nazirliyi sözünü tutmur: Müsabiqə qaliblərinin pulu iki ildir niyə verilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mədəniyyət naziri görüşdə söz vermişdi ki, bu problem yaxın günlərdə həllini tapacaq. Amma nazirlə görüşdən həftələr keçsə də, bizə çatası maliyyə vəsaitindən xəbər yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında rejissor Ayşad Səfərəliyev 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Tammetrajlı bədii film layihələrinə dəstək-2022” müsabiqəsinin qaliblərinə maliyyə vəsaitlərinin ödənilməməsi ilə bağlı problemə aydınlıq gətirərkən deyib.

Rejissorun sözügedən layihədə “Uçurum” adlı filimi ilə mükafat alıb:

“Layihəyə bir çox rejissorlar, prodüserlər kimi mən qoşuldum. 2022-ci ilin aprel ayında münsiflər heyəti tərəfindən qaliblər elan olunub. Bu qaliblərin sırasında mən də varam və müsabiqəyə “Uçurum” adlı layihə təqdim etmişdim. Qalib olandan sonra bizə 25 min manat mükafat verilməli idi. Mükafat deyəndə ki, yəni bəzi qaliblərə istehsal üçün pul ayrılmalı idi. Bizim layihədə isə bu maliyyə ssenarinin inkişafı üçün nəzərdə tutulub. Lakin o gündən indiyə qədər hələ də həmin pulları ala bilmirik. Bundan əlavə, doğru-düzgün bir səbəb də göstərilmir. Nə səbəb göstərilsə də, qanuni olaraq deyilən vəsait ödənilməlidir”.

Ayşad Səfərəliyev deyib ki, problemin səbəblərinin aydınlaşdırılması məqsədi ilə qaliblərdən Tahir Tahiroviç iki həftə öncə mədəniyyət naziri Adil Kərimli ilə görüşüb:

“Nazir məsələ ilə maraqlanıb və deyib ki, bir-iki günə problem həllini tapacaq. Amma bu gün görünən odur ki, biz pulumuzu ala bilməmişik. Ümumiyyətlə, bunun səbəbini heç bir qalib bilmir. Yaxşı olar ki, aidiyyatı qurumlar bu məsələyə aydınlıq gətirsinlər”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi 2021-ci ildə “Tammetrajlı bədii film layihələrinə dəstək-2022” müsabiqəsi keçirib. Müsabiqənin nəticələri 2022-ci ilin aprel ayında açıqlansa da, bu günə kimi qaliblər üçün nəzərdə tutulan pul mükafatı ödənilməyib.

Müsabiqənin münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə – “Buta Film” MMC-nin “Ata və oğullar”, “Ultra Production”nın “Əlvida, noyabr”, “Nova Gorica” Kino Mərkəzi MMC-nin “Qıfıl”, “Mandarin Agency Co.”nun “Mavi sviterli adam”, “Narimanfilm” MMC-nin “Müqəddəs inək”, “Ultra Production”un “Ölü Həsən”, “Cinemedia” MMC-nin “Uçurum” layihələri mükafata layiq görülüb.