Mədəniyyət Nazirliyinin yeni qərarı musiqi müəllimini çətin vəziyyətə salıb – VİDEObackend

Mədəniyyət Nazirliyinin yeni qərarı musiqi müəllimini çətin vəziyyətə salıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda musiqi müəllimi işləyən İlqar Səfərəliyev hazırda 145 manat maaş alır.

O, ailəsini bu məbləğlə dolandırmağa çalışır. Ötən ilə kimi müəllimin maaşı 850-900 manat olub. Lakin Mədəniyyət Nazirliyinin yeni qərarından sonra gəliri kəskin azalan 63 yaşlı müəllim deyir ki, artıq dolanışıq imkanları minimuma düşüb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, nağara müəllimi 63 yaşlı İlqar Səfərəliyev 3 nəfərlik ailəsini 1 ay 145 manatla dolandırır.

O 44 ildir ki, Binəqədi rayonunda yerləşən Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbində işləyir. Nağara müəlliminin hazırda 1 şagirdi var və ona uyğun olaraq da 145 manat maaş alır. Müəllim deyir ki, ötən illər həm ixtisasından, yəni nağaradan tələbə hazırlayıb, həm də qarmon ifaçılarını müşayiət edib. Buna görə də gəliri normal olub. Bu ildən isə Mədəniyyət Nazirliyi yeni qərar verib və onun əməkhaqqısı azalıb.

İlqar Səfərəliyev bu il keçirilən musiqi müəllimlərinin attestasiyası imtahanından da uğurla keçib. Ötən 2 ildə isə müəllimin nağara dərslərində ümumiyyətlə tələbəsi olmayıb. O nə qazanıbsa müşayiətdən qazanıb. Mədəniyyət Nazirliyi tərəfindən verilən müşayiətin ləğvi qərarından sonra isə ümid qalıb ancaq ixtisasa.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirildi ki, yeni tədris planı bu il təsdiq edilib. Qüvvədə olan tədris planlarına əsasən, qarmon ixtisasının müşayiəti fortepiano ilə müəyyən edilib ki, bu da qarmonda not biliklərinin tətbiqinə daha əlverişli şərait yaratması ilə izah olunur. Eyni sənəddə nagara üçün müşayiət kimi qarmon nəzərdə tutulub. Beləliklə, qarmona nagara müşayiətinin verilməməsi, əksinə, nagaraya qarmon müşayiətinin yazılması təsdiqlənmiş tədris planının hüquqi qüvvəsinə və alətlərin funksional uyğunluğuna əsaslanır. İlqar Səfərəliyevin məsələsinə gəlincə, müəllim dinlənilməsi üçün Mədəniyyət Nazirliyinə dəvət olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.