“Media haqqında” qanun layihəsi ikinci oxunuşa tövsiyə edildibackend

“Media haqqında” qanun layihəsi ikinci oxunuşa tövsiyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Media haqqında” qanun layihəsi komitələrin birgə iclasında ikinci oxunuşda Milli Məclisə tövsiyə edilib.

NOCOMMENT.az xəbər verir ki, dekabrın 17-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib. Tədbirdə bir sıra media qurumlarının, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasın gündəliyinə 2 məsələ daxil edilib. Əvvəlcə, “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə fəaliyyət göstərən müxtəlif kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrin faydalı olacağını bildirib. Qeyd edilib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisdə müzakirə olunub. Ötən dövrdə bir sıra media orqanları ilə işçi qaydasında görüşlər keçirilib. Eyni zamanda, parlamentdə komitə sədrləri və deputatlarla işçi qrupunun üzvləri arasında sənəd ətrafında fikir mübadiləsi aparılıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, müzakirəyə çıxarılan qanun media sahəsində islahatların birinci mərhələsini təşkil edir. Təkmil normativ-hüquqi bazanın yaradılması media strategiyası və konsepsiyasının da qəbuluna kömək edəcək, strateji sənədlərin hazırlanması üçün hüquqi əsas yaradacaq. Qeyd olunub ki, hazırda qüvvədə olan qanun ancaq əmək müqaviləsi ilə işləyən ştatlı və ştatdankənar müxbirlərə jurnalist statusunu şamil edir. Yeni layihə isə həm əmək müqaviləsi, həm də mülki hüquq müqaviləsi ilə işləyən jurnalistləri əhatə edir. Heç bir müqavilə bağlamadan, yazılarını özünün veb-saytında yayımlayan şəxs də artıq onlayn-media subyekti kimi fiziki şəxsə çevrilir və onunla münasibətlər media subyektlərinə olan münasibətlər çərçivəsində tənzimlənəcək.

Komitə sədri blogerlərin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar diqqətə çatdırıb ki, qanun layihəsində bununla bağlı və ümumiyyətlə, sosial şəbəkələrə aid müddəalar yer almayıb. Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri sağlamlaşdırmağa xidmət edir.

Zahid Oruc layihədə hadisələrin və faktların qərəzsiz və obyektiv şərh olunması tələbi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, sənəddə göstərilən normalar jurnalistin şərhinə deyil, mediada dərc olunan, yayımlanan informasiyalara olan tələbləri nəzərdə tutur. Jurnalistin təhsili ilə bağlı sualla əlaqədar qeyd olunub ki, layihədə ali təhsil tələbi qoyulmayıb. Bu meyar yalnız jurnalist vəsiqəsinin təqdim edilməsi zamanı nəzərə alınacaq.

Jurnalist birliklərinə qadağa qoyulması məsələsi ilə bağlı bildirilib ki, layihədə hər hansı bürokratik əngəl nəzərdə tutulmayıb, əksinə peşəkar jurnalistlərə lazımi şərait yaratmaq, keyfiyyətli xəbər istehsalını təşviq etmək, xarici informasiya məkanına inteqrasiya olunmaq kimi müddəalar yer alıb.

Komitə sədri öz çıxışında siyasi partiyaların və dövlət orqanlarının media subyekti yaratmaq hüququ ilə əlaqədar layihədə göstərilən normaları da şərh edib. Həmçinin qeyd edib ki, medianın bütün yaş kateqoriyalarına nüfuz etməsini nəzərə alaraq, ictimai mənəviyyatın qorunması üçün sənəddə müvafiq normalar da müəyyənləşdirilir. O, açıqlamasında internet televiziyalara dair, ağır cinayət əməlləri törədən, məhkumluğu olan şəxslərin media subyekti olmasına qoyulan qadağa ilə bağlı və bir sıra digər məsələlərə də aydınlıq gətirib. Zahid Oruc parlamentin layihə ilə əlaqədar daxil olan qeyd və təklifləri dəyərləndirməyə hazır olduğunu deyib.

Parlament sədrinin birinci müavini Əli Hüseynli Milli Məclis rəhbərliyinin, spiker Sahibə Qafarovanın bu məsələni diqqətdə saxladığını söyləyərək, parlamentin media ilə sıx münasibət qurduğunu, səmərəli müzakirələrin aparılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

İclasda iştirak edən AzərTAC İdarə heyətinin sədri Aslan Aslanov öz çıxışında “Media haqqında” qanun layihəsinin zamanın tələblərinə uyğun vacib sənəd olduğunu söyləyib. Bildirib ki, yeni qanun layihəsinin əsas üstünlüyü ondan ibarətdir ki, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlar vahid bazada birləşdirilərək, mətbuat sahəsində indiyədək müşahidə olunan boşluqlar tam aradan qaldırılıb. Digər vacib məqam ondan ibarətdir ki, qanunda media sahəsində fəaliyyətin təşkilati, hüquqi, iqtisadi əsasları, kütləvi informasiyanın əldə edilməsi, istehsalı və yayımının ümumi qaydaları dəqiq şəkildə müəyyənləşdirilib. Qeyd olunub ki, qanun layihəsi ölkəmizdə son 20 ildə toplanmış təcrübəni, informasiya texnologiyalarının müasir səviyyəsini nəzərə almaqla hazırlanmış mükəmməl bir sənəddir. Qanunun qəbul olunması ölkəmizdə medianın inkişafına, mətbuat və söz azadlığına güclü təkan olmaqla yanaşı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verəcək, jurnalist məsuliyyətinin artırılmasında xüsusi rol oynayacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında qanun layihəsinin əhəmiyyətindən danışıb, sənədin medianın bütün sahələrini əhatə etdiyini deyib. Qeyd edib ki, ölkəmizdə KİV sahəsində qanunvericiliyə müxtəlif vaxtlarda edilmiş dəyişikliklər onun informasiya-kommunikasiya texnologiyalarına, xüsusən internetin intensiv tətbiqinə uyğunlaşdırılması məqsədi daşıyıb. O, internet medianın fəaliyyəti ilə bağlı layihədə əks olunan məqamlara toxunaraq, ictimai rəyin formalaşmasında bu sahənin əhəmiyyətindən danışıb. Media reyestrinin vacibliyindən söhbət açaraq, layihədə bununla bağlı təsbit olunan məqamları qeyd edib. Şura sədri sənədin jurnalist məsuliyyəti, müəllif hüquqlarının təmin olunması məsələləri ilə bağlı əks olunan müddəalar baxımından da önəmli olduğunu vurğulayıb.

Onlayn iclasda deputatlardan Fazil Mustafa, Ekrin Qədirli, Elşad Mirbəşir oğlu, “Vision” internet televiziyasının icraçı direktoru Şöhrət Eldəniz, “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev, Xəzər TV-nin baş direktoru Murad Dadaşov, Real TV-nin baş direktoru Mirşahin Ağayev, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev, “Media” Təhlil Mərkəzinin nümayəndəsi Fərqan Novruzov, ATV-nin rəhbəri Azər Xəlilov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, İTV-nin baş direktoru Balakişi Qasımov çıxış edərək qanun layihəsi barədə fikirlərini söyləyiblər, sənədin ayrı-ayrı maddələrinə dair qeyd və təkliflərini veriblər.

Toplantıda iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov çıxışlarda səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda “Media haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra onlayn iclasda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb. Bildirilib ki, qanun layihəsi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə uyğun olaraq hazırlanıb. Layihədə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi istiqamətində dəyişikliklər təklif olunur.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.