Media intiharların artmasına səbəb olur?backend

Media intiharların artmasına səbəb olur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün insanların mediadan məlumat alma hüququ var. Amma bəzi məlumatlar var ki, onların ictimailəşməsi, geniş izləyici kütləsinə çatdırılması əks effekt verə bilər.

Mediada yayılmasına diqqət yetiriləsi mövzulardan biri də intihar xəbərləridir. Son zamanlar ölkəmizdə və dünyada intihar xəbərləri artır. Belə məlumatların yayılmasında media böyük rol oynayır. Bir çox mütəxəssislər hesab edirlər ki, intiharların artmasında sosial şəbəkələr və medianın da üzərinə məsuliyyət düşür.

İntiharların atmasına media səbəb ola bilərmi?

İntihar çox mühüm ictimai sağlamlıq problemidir və hər il dünyada milyonlarla insanın ölümünə səbəb olur.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu gün dünyada iqtisadi və sosioloji problemlər bir çox insanı həyatına son qoymaq fikrinə sürükləyir.

İşsizlik, maddi sıxıntı, borc kimi səbəblərdən əvvəl ailəsini, sonra isə özünü öldürən insanların örnək olmamaq və oxşar çətinliklər yaşayan oxuculara öyrətmə üsulları baxımından intihar xəbərlərinin qarşısını almaq haqqında düşünmək lazımdır.

İntihar xəbərləri bu gün həm həvəsləndirici, həm də yoluxucudur. İnsanın yaşı nə qədər aşağı olarsa, təsir nisbəti bir o qədər yüksək olur. 40-50 yaş arası insanlar belə xəbərlərdən daha az təsirlənir, amma 10, 15, 20 yaşlılar bu cür informasiyaların təsirinə məruz qalır.

Bu gün uşaqlar və gənclər həyatı sosial mediadan öyrənir. Medianı yaxından izləyən gənclərin əksəriyyəti orada məşhur olan insanların verdiyi mesajlara daha çox əhəmiyyət verirlər.

Məsələn, bir neçə il əvvəl Türkiyənin məşhur “Kurtlar Vadisi” adlı serialı yayımlanırdı. Serialı izləyən gənclərin demək olar ki, böyük əksəriyyəti özlərində “Polat Alemdar”, “Memati” obrazlarını canlandırırdılar. Bu da 2000-ci ildə gəncələrə çox mənfi təsir etmişdi. Bu gün həmin gənclərin həyatında müəyyən problemlər müşahidə olunur. Eynilə gündəlik mediada gördüyümüz intihar xəbərləri də indiki və gələcək həyatımıza müəyyən qədər təsir edir. Çünki intihar xəbərləri yoluxucudur.

İntihar xəbərləri mediada necə verilməlidir?

İntihar haqqında məsuliyyətli media xəbərləri intiharın qarşısının alınmasında mühüm rol oynayır, çünki mediada intiharın təsviri sosial münasibətlərə və intihar qavrayışına böyük təsir göstərir.

İntiharla bağlı məsələlərin müzakirəsində son dərəcə diqqətli, faktiki və həssas olmaq arasında tarazlığı saxlamaq vacibdir. Media xəbərləri paylaşılarkən, intihar edən şəxsin geridə qalan yaxınlarının ağrılarını nəzərdə saxlamaq lazımdır.

Sensasiyalı xəbərlərdən, hətta intiharın problemlərin həlli yolu olduğunu təqdim etməkdən çəkinmək mütləqdir. Bunun əvəzinə intiharın qarşısı alına bilən hərəkət olduğunu vurğulamaq və mövcud yardım resursları kimi faydalı məlumatlar paylaşılmalıdır.

Medianın belə xəbərləri ətraflı şəkildə çatdırdığı, hətta əyani materiallardan tez-tez istifadə etdiyi görünür. Məlumdur ki, mediada intihar hadisələrinin təfərrüatları ilə dramatikləşdirilməsi və vizual elementlərlə müşayiət olunması intihara meyilli insanlara mənfi təsir göstərir. İstər ölkəmizdə, istərsə də dünya mətbuatında intiharla bağlı xəbərlərə diqqət yetirilməyəndə intihara cəhdlərin artdığını təsdiqləyən misallar göstərmək olar.

Mediada intihar xəbərlərinin dərc edilməsi ilə bağlı hüquqi mexanizm olmalıdırmı?

Burada dünya təcrübəsinə müraciət edək. Belə ki, Avstriyada intihar xəbərlərinin məhdudlaşdırılmasından sonra intihar hallarının azalması müşahidə olunur. Bu da mediada intiharın olması ilə onun reallaşması arasında əlaqəni ortaya qoyur. Mediada detallı şəkil və görüntülərlə yayılan xəbərdən sonra oxşar üsuldan istifadə edilərək intiharların artdığı bildirilir.

Eyni zamanda, təhlükəli davranışların və depressiya hallarının artması diqqətdən yayınmır. Dünya təcrübəsində belə bir tendensiya var ki, əgər, intihar edən şəxs məşhur, siyasi xadim və populyar sima deyilsə, onun xəbərini verməyə ehtiyac yoxdur. Zəruri hal yaranarsa, hadisənin təfərrüfatları yazılmadan verilməlidir. Bu gün media ekspertləri düşünür ki, mediada intihar xəbərlərinin tənzimlənməsi üçün media qanunu qəbul olunmalıdır.

Dünya statistikası nə deyir?

Dünyada hər il təxminən 800 min insan intihar edir. Bu isə hər 100 min nəfərə düşən intihar sayının 10,5 faiz olduğunu göstərir. Ümumdünya Səhiyyə Təşkilatından açıqlanan məlumatlara görə, intihar hallarının geniş yayıldığı ərazilər planetimizin fərqli istiqamətlərində yerləşir.

Məsələn, intiharların ən çox qeydə alındığı Şri-Lanka Asiyanın cənubunda, Litva isə Avropanın şərqində yerləşir.

Ümumdünya Səhiyyə Təşkilatında belə hesab edirlər ki, intiharların hansı ölkələrdə daha çox, hansı ölkələrdə daha az baş verdiyini söyləmək mümkün deyil. İntihar göstəriciləri nə dövlətlərin iqtisadi inkişaf səviyyəsi, nə təhsil, nə sağlamlıq səviyyəsi, nə də digər səbəblərə bağlıdır.

İntiharların daha çox baş verdiyi ölkələrin arasında Cənubi Koreya, Yaponiya, Belçika, Polşa, Latviya, Litva, Fransa kimi inkişaf etmiş ölkələr də var, Monqolustan, Surinam, Qvineya, Boliviya, Ukrayna kimi zəif və orta səviyyəli iqtisadi inkişafa malik ölkələr növbəti sıralarda gəlir.

Eyni zamanda intiharların daha az olduğu ölkələrin arasında fərqli iqtisadi göstəriciləri olanlar da var.

Onu da bildirək ki, Cənubi Qafqaz regionunda intiharların ən az olduğu ölkə Azərbaycan hesab olunur. Ölkəmizdə hər 100 min nəfərə düşən intihar sayı 3,3-dür və Azərbaycan bu göstəriciyə əsasən 177 ölkə arasında 158-ci sırada qərarlaşıb. Region ölkələri arasında ən yüksək intihar göstəricisi isə Qazaxıstanda qeydə alınıb. Belə ki, Qazaxıstanda hər 100 min nəfərə düşən intihar sayı 27,5 olub. Bu ölkə 177 dövlət arasında 6-cıdır.