Mediada çalışan texniki işçilər ipoteka krediti ala biləcəkmi?backend

Mediada çalışan texniki işçilər ipoteka krediti ala biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Media sahəsində çalışan texniki işçi heyəti hələ ki, güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına daxil edilməyib.

NOCOMMENT.az xəbər verir ki, bunu Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Trend-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi mexanizmi və prosedurları mövcuddur.

“Digər sahələrdə çalışan vətəndaşlarımza olan tələblər eynilə jurnalistlərimizə də tətbiq olunmağa başlayıb. Yəni biz yeni bir mexanizm yaratmamışıq. Cənab Prezident İlham Əliyevin fərmanı ilə jurnalistlərimizin o siyahıya daxil edilməsi dövlət başçısının jurnalistlərə olan diqqəti idi ki, digər sahələrdə olan mütəxəssislərlə eyni imtiyazlardan istifadə etsinlər.

Texniki işçi heyəti ilə bağlı yanaşma digər sahələrdə də mövcuddur. Gələcəkdə biz bununla bağlı təhlillər aparacağıq və əgər məqsədəmüvafiq olarsa, bununla bağlı işlərin də görülməsi mümkündür. İndiki qanunda isə jurnalist anlayışı verilib, çərçivə müəyyən edilib ki, kimlər jurnalist hesab olunur. Yeni qanun imkan verdi ki, jurnalistlərimiz güzəştli ipoteka alan insanların siyahısına düşsünlər və Prezident tərəfindən də məhz jurnalistlərimiz güzəştli ipotekadan istifadə edən insanların siyahısına daxil edildilər”, – deyə o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən imzalanan 8 fevral tarixli Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan yararlana biləcəklər.