Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Almaniya kansleri Fridrix Mertsin hipotetik şəkildə oğurlanmasını “əla dönüş” nöqtəsi adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, Medvedev bildirib ki, belə bir ssenarini “tamamilə qeyri-real hesab etmir”.
O, bu barədə sosial şəbəkə hesabında yazıb:
“Neo-nasist Mertsin oğurlanması bu hadisələr karnavalında əla dönüş ola bilər. Bu, heç də qeyri-real deyil”, – deyə Medvedev qeyd edib.
Xatırladaq ki, Medvedev bir gün əvvəl ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsini şərh edərək, ABŞ Prezidenti Donald Trampın Venesuelaya münasibətdə atdığı addımları “beynəlxalq hüquqa zidd” adlandırsa da, bunun müəyyən məntiqə əsaslandığını vurğulamışdı.
Onun sözlərinə görə, Tramp bütün sahələrdə ardıcıl şəkildə öz ölkəsinin milli maraqlarını müdafiə edir.
“Etiraf etmək lazımdır ki, Trampın davranışı açıq-aşkar hüquqa zidd olsa da, onun hərəkətlərində müəyyən ardıcıllıq var. O və komandası ABŞ-nin milli maraqlarını kifayət qədər sərt şəkildə müdafiə edirlər”, – deyə Medvedev əlavə edib.













