Mehdiyev, Venediktov, Əsədli – Cümlə xəyanətlərə bais iblislərbackend

Mehdiyev, Venediktov, Əsədli – Cümlə xəyanətlərə bais iblislər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmağa getdiyi bir vaxtda Kremlin sözçüsü Dmitri Peskovla dostluğu ilə tanınan rusiyalı jurnalist Aleksey Venediktovun İrəvanda peyda olması, Bakıda isə “iki cüt bir tək” əbləhin SSRİ bayrağı ilə yürüş cəhdi təsadüfi sayıla bilməz.
NOCOMMENT.az xəbər verir ki, bütün bunların “Rusiyanın adamı” kimi tanınan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi fonunda baş verdiyini nəzərə alsaq, mənzərə tamamlanar.
Deməli, Stiv Uitkoff kimi alverçi zehniyyətli amerikalıların əli ilə Ukraynada istədiyinə nail olacağını düşünən Kreml öz emissarını İrəvana guya mühazirə oxumağa göndərməklə ermənilərə “Qarabağ münaqişəsinin hələ bitmədiyi”, “Bakıdakı həbsxanada yatan Ruben Vardanyanı unutmadığı” (oxu: Ramiz Mehdiyevi unutmadığını) və “Qarabağın əldən getməsi ilə barışmayın” kimi mesajlar verib. 
İrəvandakı kukla teatrında imperiyaların dağılmasına dair mühazirə oxumaqla kifayətlənməyən Venediktov erməni KİV-lərini bir-bir gəzərək, açıq-aşkar təhdid edib ki, Ukrayna müharibəsi bitəndən sonra Kreml üzünü Ermənistana, Azərbaycana və Qazaxıstana tutacaq, Putin “küçədən gəldiyi” üçün sevmədiyi Paşinyanla haqq-hesabı kəsəcək. Çünki 2020-ci ildə bunu etməyə Kremlin resursu çatmayıb. Odur ki, Qarabağ “erməni beyinlərindən silinməməlidir”. Bir sözlə, özünü “ağıllı” sayan başabəla tarixçi, ölkəsində radiosunun fəaliyyəti dayandırılan, adı xarici agent siyahısına daxil edilən bu ahıl jurnalist utanmadan-qızarmadan ermənilərin faşizmə meylli beynini “yumağa” və onları yeni fəlakətlərə sürükləməyə çalışır.
Doğrudur, Venediktov ermənilərə müsahibələrində Azərbaycan və Prezident İlham Əliyev barədə hansısa lüzumsuz söz deməyə cəsarət etməyib, çünki bunun bədəlinin ağır olacağını bilir.
Çünki Kremlin bütün təbliğatçıları kimi Venediktov da 2020-ci ilin payızında Azərbaycan Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Qarabağda müharibəni dayandırdıqdan sonra Prezident İlham Əliyevi ağız dolusu tərifləyirdi. “Şərq incə məsələdir. O, hər şeyə nəzarət edir. Təbii ki, Qarabağda qələbə onun üçün böyük bir ordendir. O, afərindir. Sizə deyə bilərəm ki, Azərbaycanın maraqları baxımından o, şübhəsiz ki, çox möhkəm adamdır. Biz onunla çox danışmışıq və o, həmişə belə yumşaq və nəzakətli təsir bağışlayırdı. Əvvəlcə onu belə qəbul edirdim. Hamımız yanıldıq, əməlli-başlı…”, – deyə Venediktov etiraf edirdi.
Müharibədən qabaq isə 2017-ci ildə Venediktov Azərbaycan mediasına müsahibəsində bildirmişdi ki, İlham Əliyevlə prezident olandan sonra tanış olub.  
“Müsahibədən əvvəl onun haqqında bir az araşdırma apardım. O vaxt Rusiyanın Azərbaycanla münasibətləri o qədər də yaxşı deyildi. Rusiyada azərbaycanlı miqrantlar təqib olunurdu. Məhz bu səbəbdən müsahibə almaq üçün Azərbaycan prezidentinə müraciət etdim. Prezident Əliyev görüşə heç bir qeydsiz gəlmişdi. Heç bir qeydə baxmadan sualları birbaşa cavablandırdı. Bu məni heyrətləndirdi və İlham Əliyev haqqında təəssüratlarım dəyişdi. Qarşımda təkcə Heydər Əliyevin oğlu yox, əsl siyasətçi idi”, – deyə Peskovun dostu vurğulamışdı.
Azərbaycanın ildırım sürətli 2023-cü il 19-20 sentyabr tarixli antiterror əməliyyatından 3 gün sonra isə Venediktov matəmə batdı. “Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıdıqdan sonra hansı variantlar var idi? Rusiya deməli idi ki, yox, Azərbaycanın bir hissəsi deyil? Rusiya da Paşinyan kimi Dağlıq Qarabağda deyil, Ermənistanda öz təsir dairəsini saxlamağa üstünlük verdi”, – deyə rusiyalı jurnalistlərə müsahibəsində çarəsizcəsinə danışırdı.
Çünki öz suverenliyini tam bərpa etməklə Azərbaycan ölkəmizdə Rusiyanın təsirini əbədi olaraq sıfıra endirmişdi.
Odur ki, Venediktovların, Ramiz mehdiyevlərin, sovet bayrağını qaldıran tək-tük satqınların Azərbaycanın yenidən Rusiyanın vassalına çevriləcəyinə, ermənilərin Qarabağın qayıtmasına bəslədikləri xülyalar müdrik dövlət başçımızın, xalqımızın, ordumuzun və “tək millət, iki dövlət” siyasətinin gücü sayəsində heç bir vaxt reallaşmayacaq.      
Hüseyn Cavidin təbirincə desək, ölkəsinə xain olan insan iblisdir. İblisin son mənzili isə cəhənnəmdir.
Xatirə SADİQ