Məhərrəm ayında toy etmək olar? – Şeyxin müavinindən açıqlamabackend

Məhərrəm ayında toy etmək olar? – Şeyxin müavinindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşıdan Məhərrəm ayı gəlir. Ənənəyə uyğun olaraq Məhərrəm ayında Azərbaycanda toylar keçirilmir. 2 ilə yaxındır ki, ölkədə karantin rejiminin tətbiq olunduğunu nəzərə alsaq, mürəkkəb vəziyyət yaranır. Məhərrəmlikdə toylarla bağlı daxili qadağa bu il də davam edəcəkmi? Yoxsa, insanlar karantin rejiminin yumşaldılmasından yararlanıb toy mərasimlərini yenə davam etdirəcəklər?

Ümumiyyətlə, Məhərrəm ayında toy etmək olarmı? Qarşıdakı dövrdə toy etmək üçün şadlıq saraylarına müraciət edənlər varmı?

NOCOMMENT.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Yenisabah.az-a Məhərrəm ayında ənənəvi olaraq əhalinin toy etmədiyini söyləyib:

“Məhərrəm və Səfər ayında əhali bilir ki, toy etmək olmaz. Bunu anlayan insanlar toylarını təxirə salıb, başqa aylar da edirlər. Toy və evlənmək anlayışı bir-birindən fərqlidir. İnsan istənilən vaxt evlənə bilər. Bir kişi və qadının evlənməsi Məhərrəm və Səfər ayına da təsadüf edə bilər. Lakin toy ola bilməz. Çünki toyda çalğı, musiqi, şənlik anlayışı var”.

Din xadiminin sözlərinə görə, Məhərrəm ayında Peyğəmbər və onun ailəsinə, istəkli nəvəsi İmam Hüseynə qarşı Əməvi xəlifəsi Yezid tərəfindən soyqırım edilib:

“Peyğəmbərin özünə və ailə üzvlərinə şiddət, təcüvüz göstərilib. Onlar əsir alınıb, öldürülüb. Xalqımızın bu hadisələrlə bağlı məlumatı var. Onlar Peyğəmbərimizi sevdikləri üçün bu aya fərqli yanaşırlar. Bu səbəbdən də toy etmirlər. Lakin evlənmək istəyən adam kəbin kəsərək, xanımına sahib ola bilər. Onun heç bir məhdudiyyəti yoxdur. Səfər ayında da bir neçə imamımız vəfat edib. İnsanlar da ehtiram olaraq, bu baxımdan nə Səfər, nə də Məhərrəm ayında toy edirlər”.

“Çıraq Palas” şadlıq evindən saytımıza bildirdilər ki, Məhərrəm ayında toy etmək üçün bu günə kimi onlara müraciət edən olmayıb.

Qarşıdakı dövrdə “İnci” Saraya da toy üçün müraciət olunmayıb.

“Royal” Saraydan da eyni cavabı aldıq: “Məhərrəm ayı üçün heç bir sifarişimiz yoxdur”.

“Gilavar” Saraydən isə bildirdilər ki, hətta Məhərrəm ayında toy etmək istəyən olsa belə, bu mümkün olmayacaq. Çünki həmin vaxt sözügedən şadlıq sarayının qapıları bağlı olacaq.