İslam təqvimi ilə iyulun 7-dən İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələrinin zülmə qarşı mübarizədə şəhid olduqları Məhərrəm ayını yaşayırıq. Azərbaycanda böyük əksəriyyət Məhərrəm ayında toy etməyin haram olduğunu düşünürək, bundan çəkinir. Bununla yanaşı, Şimal-qərb və Qərb bölgəsində – Zaqatala, Balakən, Qazax rayonlarında Məhərrəm ayında toy-nişan mərasimləri edənlər də olur.
Ümumiyyətlə, İslam dinində Məhərrəm ayında toy etmək qadağası yoxdur. Amma inanclı insanlar İmam Hüseyn və tərəfdarlarının şəhadətinə ehtiram əlaməti olaraq toy etmirlər.
Maraqlıdır, Məhərrəm ayı daxil olandan sonra Bakıdakı şadlıq evlərinə toy-nişan mərasimləri üçün müraciət edilibmi?
NOCOMMENT.az xəbər verir ki, modern.az-ın əməkdaşı bununla əlaqədar bəzi restoranlarla əlaqə saxlayıb.
“Böyük Saray”dan bildirilib ki, Məhərrəm ayı başlayandan sonra toy-nişan üçün sifariş almayıblar.
“Grand Opera” şadlıq sarayından verilən məlumata görə, hazırda toy etmək üçün heç kim qeydiyyatdan keçməyib.
“Neolit” restoranından da deyilib ki, Məhərrəm ayı boyunca toy-nişan mərasimləri təşkil etməyəcəklər. Çünki bunun üçün kimsə müraciət etməyib.
“Zağulba” şadlıq sarayından deyiblər ki, bu ay üçün müraciət edən müştəri yoxdur.
“Niaqara” restoranından isə əksinə, bildirilib ki, bu ay üçün toy etmək istəyənlər var, müraciət də qəbul edilib.
Qeyd edək ki, şadlıq saraylarında bu ay üçün menyuların qiymətində heç bir endirim nəzərdə tutulmayıb.