Məhkəmədə Yeni Avaz-a qarşı qaldırılan iddiaya baxılacaqbackend

Məhkəmədə Yeni Avaz-a qarşı qaldırılan iddiaya baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 3-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun “Azərmedia” Məhdud Məsuliyyətli Cəmiyyəti olan “Yeni avaz” saytına qarşı iddiasına baxacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə “Azərmedia” MMC-nin baş direktoru Anar Qaraxançallı anews-a açıqlamasında məlumat verib.

“Baş Prokurorluğun bizi məhkəməyə verməsi ilə bağlı heç bir rəsmi məktub və bildiriş almamışdıq. Əməkdaşlarımızdan biri təsadüfən “e-məhkəmə” portalından məhkəməyə verilməyimiz barəsində bildirişi görüb. Media hüquqşünasları deyir ki, adətən belə məhkəmələr barədə cavabdehə iclasa bir saat qalmış deyirlər ki, qarşı tərəf hazırlaşa bilməsin”, – deyə təsisçi bildirib.

Onun sözlərinə görə, onlara qarşı qaldırılan bu iddia ölkədə yeni, xoşagəlməz presedent yaradır.

“Çoxluq bizim işdəki təhlükənin fərqində deyil. Bu anormal yanaşma sabah şəxsi profillərə kimi tətbiq oluna bilər. Cəmiyyət olaraq buna etiraz etməliyik”, – deyə Anar Qaraxançallı qeyd edib.

Qeyd edək ki, A.Qaraxançallı daha əvvəlki açıqlamasında Baş Prokurorluğa dəvət edilməsi və “Yeni avaz”a məxsus feysbuk səhifəsində paylaşılan postlardan birinə yazılan şərhlə bağlı “xəbərdarlıq” edilməsi barədə məlumat vermişdi.

Xatırladaq ki, yanvar ayının 24-də Baş Prokurorluq məlumat yayaraq “Yeniavaz.az” (Yeniavaz.com) saytına məxsus feysbuk səhifəsində Namiq Əliyev adlı şəxsin yazdığı şərhə görə, hüquqi şəxs “Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərildiyini bildirib.