Fərqli qablarda toplanaraq çeşidlənən zibillər sonda eyni maşınlara yığılaraq daşınır…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın müəyyən ərazilərində müxtəlif rəngli tullantı qutuları mövcuddur. Onların rənginin fərqli olmasının səbəbi də var. Qarışıq tullantılar üçün yaşıl rəngli qutular, karton, metal, plastik və şüşə tullantılar üçün isə narıncı rəngli zibil qutuları qoyulub.
Sakinlərin sözlərinə görə, tullantıların növünə görə qablara atılmasına riayət edən də var, etməyən də…
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, paytaxda 6 ildir ki, “bərk məişət tullantılarının yığılması, daşınması, çeşidlənməsi” adlı layihə başlayıb. Hər il mərhələli müxtəlif ərazilərdə bu layihəyə start verilir. Artıq 10 rayon bu layihəyə qoşulub. Elə ərazilər var ki, sakinlər tullantıları çeşidləyib uyğun qablara atırlar. Bakı Şəhər İcra Hakimiyyətindən o da qeyd edildi ki, bu qaydalara əməl etməyənlər də çoxluq təşkil edir. Ona görə də həm mətbuat da, həm də sakinlər arasında maarifləndirmə işləri aparılır. O ki qaldı zibillərin daşınmasına, bildirildi ki, layihənin həyata keçirildiyi ərazilərdə çeşidlənmiş tullantıları xüsusi maşınlar daşıyır. Qarışıq zibilləri isə başqa maşınlar yığırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.