“Məktəb kitabxanalarının tam şəkildə onlayn fəaliyyət göstərməsi mümkündür”.
NOCOMMENT.az bildirir ki, bu fikirləri KONKRET.az-a təhsil eksperti Ramin Nurəliyev səsləndirib.
Onun sözlərinə görə, müasir dövrdə kitabların əksəriyyəti həm çap, həm də onlayn formatda mövcuddur və beynəlxalq təcrübədə də onlayn kitabxana sistemi ümumtəhsil məktəblərinə qədər tətbiq olunub:
“Əvvəllər ali təhsil müəssisələrində kitabxanaçılıq ixtisası vardı, indi isə bu sahə ‘kitabxanaçılıq və informasiya’ adlanır. Bu, artıq onlayn kitabxanaçılıq fəaliyyətinin reallaşmasının göstəricisidir”.
Ekspert bildirib ki, onlayn kitabxananın üstünlüklərindən biri vaxt itkisinə son qoymasıdır:
“Əvvəllər kitab əldə etmək üçün kitabxanaya getmək lazım idi. İndi isə şagirdlər mobil tətbiq və ya onlayn platforma vasitəsilə istədikləri ədəbiyyatı asanlıqla oxuya bilərlər. Bu, xüsusilə yuxarı sinif şagirdlərinin bədii və tarixi əsərlərə marağını artıracaq”.
R.Nurəliyev qeyd edib ki, belə platformanın hazırlanması müəyyən qədər vəsait və zaman tələb edir:
“Əsas şərt bütün vəsaitlərin elektronlaşdırılmasıdır. Kağız formatı tamamilə aradan qalxmır, lakin müasir texnologiya dövründə artıq onlayn formaya keçidin vaxtıdır”.
Ekspert həmçinin Türkiyədə tətbiq olunan təcrübəyə diqqət çəkib:
“Orada planşetlər vasitəsilə şagirdlər bütün dərslikləri və bədii ədəbiyyatları əldə edə bilirdilər. Azərbaycanda da Elm və Təhsil Nazirliyi bu cür vahid platforma hazırlasa, şagirdlər üçün daha əlçatan olar. Buraya yalnız dərsliklər və bədii ədəbiyyat deyil, həm də test vəsaitlərinin əlavə olunması şagirdlərin işini asanlaşdırar”.