Məktəbə gedən hamilə qızlar: Günahkar Elm və Təhsil Nazirliyidir!backend

Məktəbə gedən hamilə qızlar: Günahkar Elm və Təhsil Nazirliyidir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatlara görə, ötən il Azərbaycanda 425 məktəbli ana olub. Bu statistika ölkədə böyük ajotaj doğurub.

Azyaşlıların erkən nikaha cəlb olunmasında günahkar valideyndir, yoxsa təhsil müəssisəsi?

Təhsil eksperti Kamran Əsədov mövzuya münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, Yenisabah.az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı iki ildir ki, həyəcan təbili çalır:

“Məktəbdə olmalı qızların ər evində olması ilə bağlı 2019-2020-ci illərdə tədqiqatlarım olub. Amma o vaxt Təhsil Nazirliyi bunu təkzib etdi.

Azərbaycanda mövzu ilə bağlı vəziyyət 2013-cü ilə qədər daha dəhşətli idi. BMT və UNİCEF-in hesabatlarında Azərbaycanda erkən nikaha cəlb edilən məktəbli uşaqların sayı 5000 nəfər qeyd olunurdu. Bu çox təhlükəli hədd idi. Sonradan profilaktik işlər görüldü. Hazırda rəsmi statistikada 500-800 arası rəqəmlər göstərilir. Ancaq son iki ildə bu rəqəm artıb. Səbəb isə Elm və Təhsil Nazirliyinin təhsilə nəzarət edə bilməməsidir.

Bu gün hansısa direktorla çox rahat şəkildə razılaşmaq olar. Məktəblinin təhsil müəssisəsinə gətməməsi və qiymət yazılması qarşılığında 100-200 manat bəs edir. Yazıq müəllimlər də direktorun tapşırığı ilə bu vəziyyətə göz yumur. Dərsdə iştirak etməyən məktəbliyə qayıb yazılmır, tam əksinə, yaxşı qiymət yazılır.

Məktəbdən iki formada yayınma var: Abituriyentlərin hazırlıq kurslarına gedərkən direktorla müəyyən məbləğ müqabilində razılaşıb məktəbə getməməsi və azyaşlıların nikaha cəlb olunmasına görə məktəbə gəlməməsi.

Təəssüflər olsun ki, ağır vəziyyət yalnız bölgələrdə deyil, hətta paytaxtda da müşahidə olunur. Çünki son illərdə təyin edilmiş direktorlar Elm və Təhsil Nazirliyi rəhbərliyi ilə razılaşırlar. Belə başa düşürəm ki, onlar əlbirdirlər. Əldə etdikləri vəsaiti aralarında bölürlər. Necə ola bilər ki, məktəbli qızlar ərə gedib yetkinlik yaşına çatmadan uşaq dünyaya gətirirlər?

Mən o vaxt ana bətnində uşaqların məhv edilməsi – yəni abortla bağlı rəqəmləri də təqdim etmişdim. Çox təəssüf ki, bu istiqamət üzrə Azərbaycanda nəzarət mexanizmi yoxdur. Bir daha təkrar edirəm: Günahkar Elm və Təhsil Nazirliyidir! Məktəblərə nəzarət edə bilmirlər, maddi maraq qarşılığında davamiyyətin yoxlanmasında pozuntular var.

Yaranmış vəziyyət çox təhlükəlidir. Bəzi hallarda erkən nikaha cəlb edilmiş uşaqlar məktəbə də gedə bilirlər. İstər-istəməz digər şagird yoldaşlarının da psixologiyasına da təsir edirlər”.