“Məktəblərdə psixoloji xidmətlərin zəif olması bu problemi daha da dərinləşdirir” – Kamran Əsədovbackend

“Məktəblərdə psixoloji xidmətlərin zəif olması bu problemi daha da dərinləşdirir” – Kamran Əsədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə məktəblilər arasında zorakılıq, bıçaqlanma və digər aqressiv davranış hallarının artması cəmiyyətdə narahatlıq doğurur və bir çox sualları gündəmə gətirir.

Bəs şagirdlərin aqressiv davranışları hansı səbəbdən çoxalıb?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu cür hadisələr yalnız fərdi problemlərin deyil, həm də ailə, məktəb və ümumilikdə cəmiyyət səviyyəsində olan sosial və psixoloji məsələlərin dərinləşməsinin göstəricisidir. Onun fikrincə, gənclər arasında artan aqressiya halı müasir dünyada qloballaşmanın, texnologiyanın təsiri, sosial bərabərsizlik və emosional çatışmazlıqlar kimi müxtəlif faktorların məhsuludur:

“Ailənin gənclərin davranışlarında oynadığı rol həlledicidir. Ailə, uşağın emosional və sosial inkişafının ilk təməlidir. Valideynlər uşaqlarına emosional dəstək vermədikdə və ya münaqişələrdə düzgün istiqamətləndirmədikdə, uşaqlar öz hisslərini idarə etməkdə çətinlik çəkir və bu, aqressiyaya çevrilə bilir. UNICEF-in son hesabatına görə, Azərbaycan ailələrinin yalnız 27%-i uşaqları ilə gündəlik ünsiyyət qurur. Bu, ailə daxilində uşağın hisslərinin ifadə olunması və düzgün yönləndirilməsi imkanlarının az olduğunu göstərir. Valideynlər tərəfindən diqqətin azlığı və ya münaqişələrin sərt həlli uşağın aqressiv davranışları model kimi qəbul etməsinə səbəb ola bilər.

Məktəblər isə gənclərin sosiallaşma mühitinin əsasını təşkil edir. Burada yalnız bilik ötürülmür, həm də sosial davranışlar və dəyərlər formalaşır. Ancaq Azərbaycanda məktəblərdə psixoloji xidmətlərin zəif olması bu problemi daha da dərinləşdirir. Statistik məlumatlara əsasən, ölkədə hər 300 şagirdə yalnız bir psixoloq düşür. Bu isə münaqişələrin vaxtında aşkarlanması və həlli üçün kifayət deyil. Müqayisə üçün, Norveçdə hər 100 şagird üçün bir psixoloq mövcuddur və bu sistem aqressiv davranışların erkən mərhələdə qarşısını almağa imkan verir. Azərbaycanda isə psixoloji dəstəyin çatışmazlığı, müəllimlərin sosial-emosional bacarıqların inkişafı ilə bağlı təlimlərdən keçməməsi vəziyyəti daha da çətinləşdirir”.

K.Əsədov qeyd etdi ki, sosial media və texnologiyanın təsiri də diqqətdən kənar qala bilməz.

“Gənclər günün böyük bir hissəsini sosial mediada keçirir və çox vaxt zorakılığı təşviq edən və ya onu normal bir davranış kimi təqdim edən məzmunlarla qarşılaşırlar. ABŞ-də keçirilən bir araşdırmaya görə, şiddət məzmunlarına müntəzəm məruz qalan yeniyetmələrin 60%-i aqressiv davranışlara daha meyllidir. Azərbaycanda sosial medianın təsirini tənzimləmək üçün ciddi mexanizmlər yoxdur və bu, gənclər arasında aqressiyanın artmasına səbəb olur. Kiberzorakılıq halları isə real həyatda konfliktlərə çevrilir.

Sosial-iqtisadi amillər də gənclərin aqressiv davranışlarına təsir edən mühüm faktorlardır. Sosial bərabərsizlik, gənclərin təzyiq altında qalması və özlərini ifadə edə bilməməsi onların emosional vəziyyətini gərginləşdirir. BMT-nin Azərbaycan üzrə son hesabatına görə, ölkədə yeniyetmələrin 23%-i sosial təzyiq səbəbindən emosional stres yaşayır. Bu təzyiq gənclərin öz hisslərini aqressiv davranışlarla ifadə etməsinə səbəb ola bilər”, – deyə həmsöhbətimiz bildirdi.

Ekspertin sözlərinə görə, dünya təcrübəsinə nəzər saldıqda, bu cür problemlərin həlli üçün müxtəlif ölkələrdə fərqli yanaşmalar tətbiq olunur:

“Məsələn, Finlandiya məktəblərində “emosional tərbiyə” dərsləri keçirilməklə şagirdlərə konfliktlərin dinc yolla həlli və empatiya bacarıqları öyrədilir. Bu yanaşma nəticəsində Finlandiyada məktəblərdə zorakılıq halları 40%-ə qədər azalıb. ABŞ-də isə “Pozitiv Davranışların Dəstəklənməsi” proqramı tətbiq olunur ki, bu da məktəblərdə aqressiyanın və zorakılığın qarşısını almağa kömək edir. Bu proqram şagirdlərin davranış problemlərini həll etmək üçün pozitiv yanaşmalar təklif edir və onları mükafatlandırır.

Azərbaycanda isə bu cür yanaşmaların tətbiqi hələ də məhduddur. Təhsil proqramlarında konfliktlərin həlli və emosional intellektin inkişafı ilə bağlı mövzulara kifayət qədər yer verilmir. Şagirdlərə konfliktlərin dinc yolla həll edilməsi, öz emosiyalarını ifadə etmək və empatiya qurmaq kimi vacib bacarıqlar öyrədilmədikdə, onlar aqressiv davranışlara meylli olurlar.

Bütün bu problemlərin həlli üçün kompleks yanaşma tələb olunur. İlk növbədə, məktəblərdə psixoloji xidmətlər gücləndirilməlidir. Psixoloqların sayı artırılmalı və onlar şagirdlərin sosial-emosional problemlərini vaxtında müəyyən edə bilmələri üçün xüsusi təlimlərdən keçməlidirlər. Valideynlərə uşaqlarla düzgün ünsiyyət qurmaq və onların emosional ehtiyaclarını təmin etmək üçün maarifləndirici proqramlar təqdim olunmalıdır. Sosial medianın təsirini azaltmaq üçün zorakılığı təşviq edən məzmunların qarşısını almaq üçün nəzarət mexanizmləri qurulmalıdır.

Təhsil proqramlarına sosial və emosional bacarıqların inkişafına yönəlik mövzular daxil edilməlidir. Şagirdlərə münaqişələrin dinc yollarla həlli, empatiya və əməkdaşlıq bacarıqları öyrədilməlidir. Həmçinin, məktəblərdə müntəzəm olaraq zorakılığın qarşısını almaq məqsədilə seminarlar və diskussiyalar təşkil olunmalıdır”.

K.Əsədov onu da qeyd etdi ki, son nəticədə, gənclər arasında aqressiv davranışların artması yalnız fərdi deyil, həm də cəmiyyət səviyyəsində müzakirə edilməli və həll yolları axtarılmalı bir problemdir.

“Bu problemi yalnız qanunlarla deyil, həm də sosial-emosional tərbiyəyə, təhsil islahatlarına və valideynlərin maarifləndirilməsinə yönəlik uzunmüddətli tədbirlərlə həll etmək mümkündür. Azərbaycanın gələcəyi gənclərin sağlam emosional və sosial inkişafına bağlıdır və bu istiqamətdə hərtərəfli fəaliyyət zəruridir”, – deyə mərkəz rəhbəri vurğuladı.