Yeni tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır.
NOCOMMENT.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, şagird davranış qaydaları 329 məktəbdə 2 tədris ili pilot olaraq tətbiq edilib.
“Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib”, – nazir bildirib.
Məktəblərdə davranış qaydalarına uyğun olaraq başqa hansı qadağalar gözlənilir? Şagird davranış qaydalarının tətbiqindən sonra prosesə hər məktəbdə ayrı ayrılıqda necə nəzarət olunacaq?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Referans”-a verilən açıqlamada bu suallara aydınlıq gətirilib.
“Xüsusi hallar istisna olmaqla ümumtəhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir. Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər”.
Qurumdan verilən məlumatda qeyd olunub ki, artıq 2 ildir ölkə üzrə 300-dən çox ümumtəhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir.
“Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil. Artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur. Lakin bu zaman da, ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlığının qarşısını alır”.