Məmurlar turizmin inkişafına mane olurlar – İTTİHAMbackend

İTTİHAM: Məmurlar turizmin inkişafına mane olurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkiillik pandemiya fasiləsindən sonra turizm yeni dövrə qədəm qoyur. Sərhədlərin bağlı olması daxili turizmin genişlənməsinə zəmin yaratsa da, əvvəlki illərdən qalan problemlərin həll olunmadığını görürük. Yerli və əcnəbi turistləri narazı salan əsas məsələ qiymətlərin yüksək, xidmətin isə aşağı səviyyədə olmasıdır.

Əlbəttə, bunun səbəbləri haqda indiyədək çox danışılıb və təkliflər də verilib. Lakin nə fayda, bəzi sahibkarlar turizmə perspektivli biznes sahəsi kimi deyil, qısa müddətdə daha çox gəlir əldə etmək həvəsi ilə yanaşırlar. Görünür, bu streotiplərdən tezliklə qurtula bilməyəcəklər. Nəticədə ən böyük ziyan elə turizm sektorunun özünə dəyəcək.

Müştəri narazıdırsa, niyə nəticə çıxarılmır?

NOCOMMENT xəbər verir ki, turizm sektorunun hazırki durumunu modern.az-a dəyərləndirən Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı pandemiyandan sonra Azərbaycana ərəb turistlərin axın etdiyini deyib.

Onun sözlərinə görə, Azərbaycandakı varlılar istirahət üçün əsasən Qərb ölkələrinə üz tuturlar: “İndi ölkəmizə səfər edənlər daha çox ərəb turistlərdir. Çünki bura həm müsəlman ölkəsidir, həm də onlar özlərinə uyğun mühitlə rastlaşırlar. Rusiyada və Müstəqil Dövlətlər Birliyindən (MDB) ölkəmizə səfər edən turistlərin sayı çoxdur. Bundan əlavə, Azərbaycana maraq daha çox Qərb ölkələrindəndir. Azərbaycanlılar isə ən çox qardaş Türkiyəyə səfər edir. Rusiyaya gedənlərin sayı az deyil, ancaq Ukrayna-Rusiya müharibəsinə görə bəzi problemlər yaranıb. Varlı təbəqə dünyanın istənilən ölkəsinə səfər edir. Desək ki, azərbaycanlılar daha çox Amerikaya gedir, bu doğru olmaz. Varlı təbəqə İngiltərəyə, Amerikaya və Skandinaviya ölkələrinə daha çox səfər edir. Orta təbəqə isə Türkiyə, müsəlman və MDB ölkələrinə üz tutur”.

Daxili turizmə gəlincə, Məhərrəm Zülfüqarlı bildirib ki, Azərbaycanda səfərlər şimal-qərb istiqamətindədir: “Şəki, Qax, Zaqatala, Quba, Xaçmaz, Qəbələ, cənubda Lənkəran daha çox səfər edilən bölgələr sırasındadır.

Son vaxtlar Göygölə üz tutanların sayı artır, orada yaxşı istirahət mərkəzləri var. Azərbaycanda dövlət turizmin inkişafına nə qədər qayğı göstərsə də, yerli məmurlar bunun inkişafına maneə olurlar. Türkiyə hökuməti turzm biznesinə dotasiya qoyur.

Yəni turizmlə məşğul olanları vergidən azad edir, təyyarə reyslərinə və digər məsələlərdə güzəştlər edilir. Buna görə də turizm orada inkişaf edir. Bizdə isə dövlət qayğı göstərir, ancaq yerli məmurlar istirahət mərkəzlərindən qanunla nəzərdə tutulmayan tələblər edirlər, bunu hamımız bilirik. Bu amillər də qiymətlərin qalxmasına təsir edir. İcra başçısı qərb ölkələrində olduğu kimi istəsə ki, çalışdığı ərazidə biznes inkişaf etsin, o zaman turizm şirkəti də ona kömək edəcək. Amma bizdə proseslər əksinə olduğu üçün istirahət mərkəzləri, turizm şirkətləri qiymətləri qaldırırlar. Bu prosesdə vətəndaş haqlı olaraq etiraz edir və narazılığını bildirir”.

Ekspertin sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarının turizm obyektlərinə qanunsuz müdaxiləsi və tələbləri aradan qaldırılsa, istirahət mərkəzləri əlavə gəlir əldə edə və müştərilərə münasib qiymətlər təqdim edə bilər: “Harada rüşvət mexanizmi varsa, bu inkişafa maneə olur. Tez-tez səsləndirilir ki, icra hakimiyyəti sistemi dəyişdirilsin. Gələcəkdə müəyyən icra orqanlarında islahatlar aparılarsa, turizmin də inkişafında müsbət mənada dəyişikliklər olacaq”.