Deyəsən, Xanlarova nəslindən olan xanım sənətçilərin Prezident Administrasiyasının (PA) humanitar siyasəti məsələləri üzrə şöbə müdirləri ilə ulduzları heç cür barışmır.
NOCOMMENT.az xəbər verir ki, proseslərdən görünür ki, Azərbaycanın dünya şöhrətli sənətkarı Zeynəb Xanlarovadan indi estafeti əməkdar artist Mehriban Xanlarova alıb.
Belə ki, illər öncə məhz Zeynəb Xanlarova Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəni sərt tənqid edirdi.
Hətta millət vəkili olarkən Zeynəb xanım incəsənət nümayəndələrinə verilən adlarda saxtakarlığın olduğunu, layiq olmayan şəxslərə rüşvət müqabilində fəxri adların verildiyi məsələsini Milli Məclisdə qaldırmışdı. O, iddia etmişdi ki, bu işin arxasında Fatma Abdullazadə dayanır və bununla bağlı prezidentə göndərilən məktublar ünvanına çatmır.
“Deyilənə görə, xalq artisti fəxri adı 5 min dollar, əməkdar artist fəxri adı 3 min dollaradır. Vəssəlam. Yığılan pullar gedir bunların cibinə”, – deyə Zeynəb Xanlarova jurnalistlərə bildirmişdi.
Millət vəkili qeyd etmişdi ki, səriştəsizliyinə görə ansamblından qovulan musiqiçilər Fatma Abdullazadə tərəfindən dəstəklənir və rüşvətlə fəxri adlar alırlar.
Onun fikrincə, Fatmanın sənətə vurduğu zərbələrin acı nəticələri sonra bəlli olacaq. Zeynəb Xanlarova bu məsələyə görə sonadək mübarizə aparacağına söz vermişdi.
O, zaman media iddia edirdi ki, işin başında həmin dövrdə PA ictimai-siyasi məsələlər şöbəsinin müdiri olan Əli Həsənov dayanırdı. “Fatma Abdullazadə ikinci dərəcəli işləri görürdü, buradakı fəhlə sinfində isə mədəniyyət sahəsi üzrə Əbülfəs Qarayev yer alırdı. Rüşvət üçün işlək bir sistem qurulmuşdu və ötür-ötürlə ciblər dolur, hər yerindən duran da fəxri ad sahibi olurdu. Belə çirkin bir sistemə ancaq Zeynəb Xanlarova etiraz edə bilərdi. Etdi də”.
Sonradan əməkdar artist Ədilə Əflaki açıqlamasında bildirmişdi ki, Fatma Abdullazadə hətta Zeynəb Xanlarovaya xəbər göndərmişdi (moderator.az). “Fatma Abdullazadə Zeynəb xanımı sevmirdi, onunla yola getmirdi. Zeynəb xanım illər öncə Fatma Abdullazadəyə mənə görə müraciət etmişdi. Pis vəziyyətdə yaşadığımı, övladımın ikinci qrup əlil olduğunu bildirmişdi. Xəbər göndərmişdi ki, “Zeynəb mənim işimə qarışmasın. Mən kimə istəsəm ona da təqaüd, fəxri ad, mənzil verdirirəm”, – deyə Ədilə xanım vurğulamışdı.
Onun sözlərinə görə, Zeynəb Xanlarova müğənni həmkarı Mahrux Muradovanın (xalq artisti Rübabə Muradovanın bacısı) yataq xəstəsi olmasından, dərman almağa pulu olmamasından xəbər tutan kimi, Milli Məclisdə bu məsələni qaldırmışdı. “2-3 gün sonra Mahrux Muradovaya təqaüd verdilər. Mahrux Muradova 1 ay o təqaüdü aldı, sonra dünyasını dəyişdi. Zeynəb xanım belə mərd qadındır”.
Qeyd edək ki, Fatma Abbdullazadə 1993-cü ildən 2017-ci ilədək PA humanitar məsələləri üzrə şöbənin müdiri çalışmışdı. Zeynəb Xanlarova isə düz 2020-ci ilədək millət vəkili kimi fəaliyyət göstərərək Fatma Abdullazadənin süqutunu görə bildi.
İndi isə Zeynəb Xanlarovanın qohumu, əməkdar artist Mehriban Xanlarova mədəniyyət sahəsində baş verən proseslərin mərkəzində Fatma Abdullazadənin xələfi Fərəh Əliyevanın dayandığını iddia edib.

Onun iddiasına görə, PA-nın humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdirindən hətta mədəniyyət naziri Adil Kərimli də daxil olmaqla bir çox incəsənət adamları çəkinir. “…heç kəs onun adını açıq şəkildə çəkməyə cəsarət etmir. Fərəh Əliyeva illərdir öz dostlarını, rəfiqələrini, tanışlarını Mədəniyyət Nazirliyi və teatr sahəsində yüksək vəzifələrə yerləşdirərək bütün nəzarəti öz əlində cəmləşdirib. Həmin şəxslərdən biri də Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadədir”, – deyə Mehriban Xanlarova vurğulayıb.
Onun sözlərinə görə, teatrla bağlı saysız-hesabsız şikayətlər olmasına baxmayaraq, mədəniyyət naziri Mehriban Ələkbərzadəni vəzifədən azad etmək gücündə deyil: “Çünki Fərəh Əliyeva onun vəzifədə qalmasını müdafiə edir”.
İstefa ərizəsi yazmış Mehriban Xanlarova çıxış yolunu Akademik Milli Dram Teatrının qarşısında etiraz aksiyası keçirməkdə görür. Əcaba, Fərəh Əliyeva bu münaqişənin aradan qaldırılması üçün məsələyə müdaxilə edəcəkmi?
Xatirə SADİQ













