Mən onu sevmirdim… – Çingiz Abdullayevlə bağlı daha bir İDDİAbackend

Mən onu sevmirdim… – Çingiz Abdullayevlə bağlı daha bir İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publisist Qalib Arif Çingiz Abdullayevlə bağlı pritça yazıb. 

NOCOMMENT.az az həmin nəsr əsərini təqdim edir:

(Müasir pritça)

Görürəm hamı Çingiz Abdullayevdən deyir, yazıçı gündəmdədir. Deyirəm birini də mən deyim. 90-ların axırlarında Rusiyada başıma gələn hadisədir…

Deməli, Çingiz Abdullayev rusdilli, Azərbaycan əsilli dedektiv yazıçıdır. Mətləbə dəxli var deyə, deyim ki, dedektivlər əsasən, 3 yerə bölünür. Birincilər şübhəsiz ki, cəlbedici, aludəçi dedektivlərdir. Bunlar narkotik kimidir, kitabı əlinə aldın yerə qoymaq olmur. Cəlbedici dedektivin ən parlaq nümayəndəsi, İsveçrə əsilli Ceyms Çeyzdir. Bu kişinin dedektivləri dünyada 100 milyon tirajla satılıb, indi də satılır…

İkincilər ağıllı, psixoloji dedektivlərdir. Bunlar birincilər qədər populyar olmasa da, həyatdır, əsl ədəbiyyatdır. Ən parlaq nümayəndələri də Rusiya əsilli Fyodor Dostoyevski və Amerika əsilli Sidni Şeldondur. Birinci yaxşı məlum olduğundan. ikinci haqqında bir-iki kəlmə deyim. Sidni Şeldon bizim müasirimizdir, 5-10 ildir ki, dünyasını dəyişib. Bu adam bütün zamanların və insanların ən çox qazanan yazıçısıdır, onlarla dedektiv romanın müəllifidir, hər romanı Hollivudda ekranlaşdırılıb və senarisini də Şeldon özü şəxsən yazıb. Onun romanları bu gün də 10 milyon tirajla satılır.

Nəhayət üçüncülər – mən onları darıxdırıcı dedektivlər adlandırardım, ən parlaq nümayəndəsini də Britaniya əsilli Aqata Kristi sayardım. Dedektivin bu növünü sevmədiyimdən, bu haqda danışmaq istəmirəm. Amma onları kim oxuyur, niyə oxuyur – təəccüb edirəm…

Nə isə, qayıdaq mətləbə, Çingiz Abdullayevin üstünə. Düşünürəm ki, bizim Abdullayev ikincilərdən, yəni ağıllı dedektivlərdənir. Bir təsəvvür edin – Dostayevski, Sidni Şeldon və Abdullayev… Bəs, Abdullayevi xaricdə, elə Rusiyada rus dilində oxuyan varmı?! Səbirli olun, başıma gələn bir hadisəni danışım…

Deməli, mən 90-ların əvvəlindən axırına kimi Rusiyada yaşamışam və işləmişəm. Sverdlovsk vilayətində bizim “Azəri” cəmiyyətinin vitse-prezidenti olmuşam. Ildə bir-iki dəfə evə gəlib-gedirdim, atama, anama baş çəkirdim. Yaxşı yadımdadır, 90-ların axırlarında Bakıya gəlmişdim, ad günümü ailəmlə keçirmək istəyirdim. İş elə gətirdi ki, “Xalq Qəzeti”nə işə düzəldim və soydaşlarla xudafizləşmək üçün Sverdlovska gəldim.

Gördüm iş stolumun üstündə Çingiz Abdullayevin 12 cildi var. Bizim prezidentin katibəsindən soruşdum “bu nə məsələdir?” Dedi “Şahin müəllim tapşırıb, mən sizin ad günüz üçün almışam.” Soruşdum “Şahin müəllim hardadır?” Dedi “iş dalınca gedib, Moskvadadır.” Nə isə, katibədən yerini öyrəndim və kitabları götürüb mağazaya gəldim. Siz məni qınamayın, mən Abdullayevi sevmirdim, amma istəyirdim Sverdlovskdan, bizim soydaşlardan mənə bir hədiyyə qalsın…

Qərəz, kitabları götürüb mağazaya gəldim, alış çekini təqdim etdim. Satıcı qız dedi ki, alışdan 3 gündən çox keçib, geri qaytara bilmərik, amma dəyişə bilərik. Mən Abdullayevin 12 cildini Şeldonun 12 cildi ilə dəyişmək istədim, təxminən eyni qiymətə idi. Təəccübümə rəğmən, satıcı qız qəti etiraz etdi. Mən güzəştə getdim, Şeldonun, ya Çeyzin 6 cildini istədim. Satıcı güldü, Aqata Kristinin 6 cildini təklif etdi. Axırda 2 Şeldon və 2 Çeyzlə razılaşdıq. Yeri gəlmişkən, həmin kitablar indi də mənim kitabxanamdadır.

Xudahafizləşib gedəndə satıcı qızdan bu “alver”in səbəbini soruşdum. Satıcı səmimi etiraf etdi ki, “Çeyzi və Şeldonu hər gün, Aqatanı həftədə bir-iki dəfə alırlar. Amma bu Çingiz Abdullayev kimdir bilmirəm, onun kitabları ilin əvvəlindən – yanvardan bu yana (indi noyabr ayıdır, ilin axırıdır) cəmi 12 dənə satılıb, onu da siz qaytardız. Bizim rus dedektivləri qat-qat yaxşı satılır…

 

 

 

Qalib Arif – publisist