Mən yalnız ordumuza inanıram: Qarabağ və bütün rayonlar Azərbaycana qayıtmalıdır!backend

Mən yalnız ordumuza inanıram: Qarabağ və bütün rayonlar Azərbaycana qayıtmalıdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev pressklub-a müsahibəsində gündəmi dəyərləndirib.

NOCOMMENT həmin müsahibəni ixtisarla oxuculara təqdim edir:

– Çingiz müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?

– Mən otuz ildir ki, bu günü gözləyirdim. İnanırdım ki, gec-tez biz torpaqlarımızı azad edəcəyik. Ona görə ki, ermənilərin bizi doladığını görürdüm. Həmişə demişəm, indi də deyirəm: mən müharibənin tərəfdarı deyildim. Amma bilirdim ki, ermənilər bizi dolayırlar. İndi də aydın oldu ki, onlar doğrudan da bizi aldadıblar. Otuz il danışıq adı altında səngər qazıblar. Görün, orada nə qədər hazırlıqlar görüblər…

– Aparılan əməliyyatlar nəticəsində bir çox yaşayış məntəqələrimiz, şəhər və qəsəbələrimiz işğaldan azad olunub və olunur. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa Minsk Qrupu çərçivəsində danışıqlar prosesi bərpa olunmalıdır?

– Moskvada danışıq olan kimi, onlar Gəncəni vurdular. Mən bu barədə bütün rus kanallarında da dedim. Bildirdim ki, ermənilər sizi də, bizi də aldadıblar. Mən onlara dedim ki, xəritəyə baxın, görün ki, Gəncə hardadır və oranın Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Onlar isə görün, mənə nə dedilər, guya Küveytdən gələnlər Gəncəni bombalayıblar… Bu qədər də ağ yalan olar?! Ona görə də, təbii ki, mən bu danışıqların heç birinə inanmıram. Mən yalnız bizim ordumuza inanıram.

– Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

– İndi Rusiyanın mövqeyi çox dəyişib. Mən hesab edirəm ki, bu, birinci növbədə bizim hörmətli prezidentin fəaliyyətinə görə olub. Onlar indi başa düşməyə başlayıblar ki, biz doğrudan da Rusiyanın düşməni deyilik. Ermənilər həmişə bizi ruslara düşmən kimi, özlərini isə onlara ən yaxın dost kimi qələmə verirdilər. İndi ruslar başa düşürlər ki, xeyr, belə deyil. Görürsünüz ki, neçə gündür müharibə gedir, ruslar qəsdən qarışmırlar və bəyan da ediblər ki, biz nəyə görə qarışmalıyıq, Dağlıq Qarabağ Ermənistana aid deyil. Ruslar bu cümləni işlədəndə artıq biz başa düşdük ki, onlar birbaşa erməniləri dəstəkləmirlər. Və mən hesab edirəm ki, çox düz edirlər. Birinci növbədə bizim hörmətli prezidentimizin və təbliğatımızın gücü ilə biz onlara sübut edə bildik ki, ermənilər onları da aldadıblar və əslində erməni tərəfi istəyir ki, ruslar gedib, onların əvəzinə ölsünlər. Təbii ki, ruslar bunu istəmirlər. Ona görə də, hesab edirəm ki, Rusiya çox düzgün mövqe tutub, indiyə kimi də qarışmır və inanmıram ki, bundan sonra da qarışsın.

– Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?

– Möhkəm olsunlar! Kimin qohumları, əzizləri, dostları, övladları şəhid olubsa, Allah onlara rəhmət eləsin. Onlar Vətən uğrunda həlak olublar. Mənim xalam oğlu neçə il bundan öncə Şuşa uğrunda həlak olub…Təbii ki, Dağlıq Qarabağ və ətrafındakı bütün rayonlar Azərbaycan torpağıdır, hamısı Azərbaycana qayıtmalıdır. Arzu edirəm ki, möhkəm olaq! Hələ müharibə bitməyib və qonşu tərəfdən hansı təxribat desəniz, ola bilər. Biz buna hazır olmalıyıq.