Məndən sonra uşaq bağçalarını, onların binalarını, gözəl ərazilərini satdılar…backend

Məndən sonra uşaq bağçalarını, onların binalarını, gözəl ərazilərini satdılar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əvvəlllər, yəni bizim vaxtımızda Təhsil Nazirliyinin bir-iki uşaq bağçası və bir də uşaq evləri var idi. Amma bununla yanaşı, hər bir komitənin, müəssisənin də özünün uşaq bağçası var idi. Bu mənada uşaq bağçalarında işlər yaxşı gedirdi, çünki hərtərəfli nəzarət var idi”.

NOCOMMENT.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib. F.Cəlilov bildirib ki, uşaq bağçalarıyla məşğul olmaq Təhsil Nazirliyinin birbaşa işidir:

“Mənim nazir fəaliyyətimdən sonra isə bütün uşaq bağçalarını, onların binalarını, gözəl ərazilərini satdılar. İndi isə uşaq bağçalarının çoxu özəldir, amma daha bu sistemlə əlaqəm olmadığı üçün vəziyyətdən xəbərim yoxdur. Özəl uşaq bağçalarında isə qiymətlər həddən artıq bahadır. Hər ailənin də elə bir maddi imkanı yoxdur ki, uşağını özəl bağçaya qoysun. İkinci bir məsələ isə odur ki, uşağın tərbiyəsiylə həm evdə məşğul olmalıdırlar, həm də bu, Təhsil Nazirliyinin birbaşa işidir. İndi Təhsil Nazirliyi uşaq bağçalarına bundan sonra necə nəzarət edəcək, onu təsəvvür edə bilmirəm. Bir sözlə, bu başdan o haqda nəsə deyə bilmərəm, nəticəni gözləmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Onu da xatırladaq ki, sözügedən təhsil müəssisələri 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi.