Mənə 15 il də həbs verə bilərlər. Yox, güllələnmə verəcəklər. Ayıbdır!
NOCOMMENT.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında üç ilə qədər azadlıqdan məhrumetmə cəzası ala biləcəyi barədə xəbərə münasibət bildirən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) deyib:
“Yalan yazılıb. İndi şikayət edəcəyəm, sonra deyəcəklər, “bağışlayın, səhv etmişik”. Deyirəm ki, yoxdur belə şey. Qayda var, qanun var. Nə edəcəklər mənə? Çox olsa, məzəmmət edərlər. Mən nə etmişəm? Adam öldürməmişəm, söyməmişəm, eləməmişəm. Bu, jurnalist təxribatı olub. Bir kəlmə söz dedim, ondan da belə problem yaratdılar”, – deyə İ.Axundov bildirib.
Qeyd edək ki, “Şərur MTK”nın sahibi barəsində məhkəməyə müraciət edən “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovu ittiham olunduğu Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi üzrə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlədiyini deyib.
Ş.İsfəndiyar bundan öncə verdiyi müsahibəsində məsələ ilə bağlı bu cür açıqlama vermişdi:
“Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı “dələduz” sözünü işlətmədiyimi qeyd etmişəm”.