Mənzil bazarı dondu: Bakıda evlərin qiyməti düşəcəkmi?backend

Mənzil bazarı dondu: Bakıda evlərin qiyməti düşəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Proses hələ yeni baş verib deyə, bu, ola bilsin ki, Azərbaycandakı daşınmaz əmlak bazarına müəyyən psixoloji təsir göstərə bilər. Amma ciddi təsir olacağını güman etmirəm. Ən azından ona görə ki, biz hazırda bazarın real iştirakçılarından biriyik və mövcud vəziyyətə bələdik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Vüqar Oruc Türkiyədə baş verən zəlzələdən sonra Bakıda mənzil bazarının son durumundan danışarkən deyib.

Mütəxəssis söyləyib ki, hazırda İpoteka Krediti Zəmanəti Fondu növbəti ayırmalarını edib ki, vətəndaşlarımız bu sosial hüquqdan istifadə edib mənzil alsınlar:

“Hazırda banklara da müraciətlər olur. Qiymətləndirmələr də əvvəlki sürətlə davam edir. Yəni baş verən hadisələrin insanların şüurunda müəyyən bir dəyişikliyə səbəb olacağını iddia etmək düzgün olmaz.

Burada söhbət ondan gedir ki, Türkiyədə baş verən proses müəyyən təbəqədə belə bir fikir yarada bilər ki, fərdi yaşayış evləri olmalıdır ki, həmin evlərdə bu kimi təhlükəli vaxtlarda onlar yaşaya bilsinlər və s. Amma bu, o demək deyil ki, insanlarımız mənzillərdən imtina edib, mənzildəki yaşayış komfortunu kənara qoyub həyət evlərində yaşayacaq”.

V. Orucov xatırladıb ki, bir ara pandemiyanın ən güclü vaxtlarında belə bir fikir yaranmışdı ki, çoxmərtəbəli binalar sanitar-epidemioloji baxımdan o qədər də əlverişli deyil:

“Çünki liftlərin birgə istifadəsi və kontaktların qurulmasına görə insanlar çoxmərtəbəli binalarda xəstəliyə daha çox məruz qala biləcəklərini zənn edirdilər. Ona görə də fərdi yaşayış evləri bazarında müəyyən aktivlik yarandı. Amma bu, bazarda ciddi bir dəyişikliyə səbəb olmamışdı. Çünki həmin meyllər bazarın bir neçə faizini əhatə etdi. Bu isə nə qiymətlərə, nə də satılan əmlakların sayına ciddi təsir göstərmir”.

“Ola bilsin ki, baş verən proseslər müəyyən qədər təsir göstərsin, amma ümumi axına ciddi təsir göstərəcəyinə inanmıram. Yenə də mənzil alqı-satqıları davam edir. Hətta ipotekaların ayrılmasından istifadələrə baxsaq, görərik ki, əvvəlki illərdə olduğu kimi, indi də bu istifadə tezliyi yerindədir.

Lakin psixoloji olaraq insanlar müəyyən təsirə məruz qala bilərlər. Bu da müəyyən bir zaman sonra keçəcək. Çünki baş verən hadisə geridə qalanda onun ictimai şüura və psixologiyaya təsiri ikinci plana keçir. Ona görə də hesab edirəm ki, bir müddətdən sonra həyat yenə də öz axarında davam edəcək”, – əlavə edib.

“Bəşəriyyət Aşqabadda, Şamaxıda, Bakıda, Marmarada müxtəlif dövrlərdə zəlzələlər görüb. Bu zəlzələlərdən sonra mənzillərdə yaşamaqdan imtina edən olub? Yenə də insanlar həmin ardıcıllıqla daha çox komfortlu hesab olunan mənzillərə üz tuturlar. Ümumiyyətlə, meqapolislərdə insanların yaşaması üçün ən uyğun yer mənzildir. Həmçinin, ətrafdakı iaşə obyektləri, parklar, marketlər və s. binaların olmasına görə, insanlar daha çox çoxmərtəbəli mənzillərdə yaşamağa üstünlük verirlər.

Hətta mənzildə yaşamaq daha çox komfortlu xarakter daşıyır. İnsanlar bu gün mərkəzdən kənarda yerləşən fərqi yaşayış evlərindən daha çox mərkəz və mərkəzə yaxın ərazilərdə yerləşən çoxmərtəbəli binalara üstünlük verirlər. Ona görə də ciddi təsir göstərəcəyinə inanmıram”, – yekunlaşdırıb.