Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısını alacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə AQP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Fərzəliyev qeyd edib.
E.Fərzəliyevin fikrincə, daşınmaz əmlak bazarında uzun illərdir ki, süni və təbii formada qiymət artımları baş verir. AQP rəsmisinin sözlərinə görə, süni qiymət artımına şərait yaradan amillərdən biri də qiymətləndiricilərin bir çoxunun qeyri-peşəkar olmasıdır:
“Süni qiymət artımına rəvac verən bir sıra amillər var. Onlardan biri də daşınmaz əmlaklara şişirdilmiş qiymətləndirmə rəylərinin verilməsidir. Əmlak bazarında fəaliyyət göstərən bəzi rieltorlar reallığa uyğun olmayan fantastik qiymətlərə daşınmaz əmlakları satışa çıxarıblar. Artıq Azərbaycan Qiymətləndiricilər Palatası rəsmi formada fəaliyyətə başlayıb. Palatanın rəsmi fəaliyyətə başladığı günə qədər istənilən qiymətləndirmə şirkəti qiymətləndirmə rəyi verə bilərdi. Lakin yeni qanunvericiliyə əsasən, qiymətləndirmə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu fəaliyyətlə məşğul ola bilmələri üçün mütləq şəkildə Dövlət İmtahan Mərkəzində qiymətləndirmə sahəsi ilə bağlı imtahan verməli, imtahandan müvəffəqiyyətlə keçə bilən şəxslər isə Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmalıdırlar”.
O bildirib ki, tələb və qaydaların dəyişdirilməsi birmənalı olaraq qeyri-peşəkarları bu sahədən uzaqlaşdıracaq və bu öz növbəsində qiymətləndirmə sahəsində yalnız peşəkarların fəaliyyət göstərməsinə və əmlak bazarında şəffaf qiymətləndirmələrin aparılacağına imkan yaradacaq. E. Fərzəliyevin qənaətincə, bundan sonra bazarda süni qiymət artımlarının qarşısı alınacaq.\\Referans.az