Mənzillərin qiymətində ARTIM: Ən çox bu evlər bahalaşdıbackend

Mənzillərin qiymətində ARTIM: Ən çox bu evlər bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son illərdə mənzillərin qiyməti nəzərəçarpacaq dərəcədə artıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, 2020-ci ildə mənzil bazarında qiymət artımı olmayıb, 2021-ci ildə cüzi bahalaşma baş verib, amma 2022-ci və 2023-cü illərdə yaşayış sahələrində qiymət sıçrayışları qeydə alınıb.

NOCOMMENT.az sfera.az-a istinadən xəbər verir ki, Rəsmi məlumatlara görə, mənzil qiymətləri 2022-ci ildə 5,8 faiz, 2023-cü ildə isə daha 9,7 faiz artıb. Ümumilikdə, son 2 ildə mənzil bazarında qiymətlərdə 16 faiz artım olub.

Daha çox bahalaşma təkrar mənzil bazarında qeydə alınıb. Burada qiymətlər 2021-ci ildən bəri 16,2 faiz artıb. İlkin mənzil bazarında isə son iki ildə 14,4 faiz bahalaşma baş verib. Ötən illərdə ən yüksək qiymət arımı 2023-cü ildə olub. 2023-cü ildə mənzil qiymətləri 9,7 faiz artıb. Ötən il təkrar mənzil bazarında qiymətlər 9,8 faiz, ilkin bazarda 7,8 faiz artıb.

Bəs son iki ildə mənzillərin belə sürətlə bahalaşmasının səbəbi nədir?

Azərbaycanın mənzil bazarındə 2022 və 2023-cü illərdə qiymətlərdə sıçrayışın baş verməsini iki amillə əlaqələndirmək olar. Birinci amil xarici proseslərlə bağlıdır. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin baş verməsi Azərbaycanın daşınmaz əmlak bazarında, xüsusən də mənzil bazarında qiymətlərə ciddi təsir edib. Müharibənin yaratdığı yeni şəraitə görə, Rusiyada yaşayan çoxlu sayda soydaşımız öz vəsaitinin bir hissəsini Azərbaycana köçürdü. Rusiyadan fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən pulun məbləği 2021-ci ildə, yəni müharibədən əvvəl 623 milyon dollar olduğu halda, 2022-ci ildə 2,97 milyard dollara yüksəldi. 2023-cü ilin yanvar-sentyabr aylarında isə köçürülən pulun həcmi azalsa da, 2021-ci ildən xeyli yüksəkdir. Ötən ilin ilk 9 ayında 829,4 milyon dollar köçürülüb və ilin sonunda bu məbləğin 1 milard dolları ötəcəyi dəqiqdir.

Azərbaycana Rusiyadan göndərilən pulun önəmli hissəsi məhz mənzil bazarına yönəldildi və bu, bazarda tələbin artmasına səbəb oldu. Tələbin kəskin artması isə qiymət artımlarını gücləndirdi. Mənzil bazarında bahalaşmaya səbəb olan ikinci amil daxili proseslərlə bağlıdır. Ölkəmizdə son illərdə istifadəyə verilən mənzillərin sayının azalması, əvəzində müxtəlif mənbələr hesabına mənzil alışı üçün ayrılan vəsaitin artması müşahidə edilir. Bu dəyişikliklər bazarda bahalaşmanı dəstəkləyib. Mənzil tikintisi əvəlki ilə nisbətən 2021-ci ildə 27,8 faiz, 2022-ci ildə 5,8 faiz azalıb, yalnız 2023-cü ildə 1,3 faiz artıb. Ümumilikdə, son 3 ildə mənzil tikintisinə ayrılan vəsait real olaraq 31 faiz azalıb.

Mənzil tikintisi azalsa da, mənzil alışı üçün ayrılan vəsaitlər artıb. Yalnız ipoteka və kirayə müqaviləsi əsasında mənzil satışı üçün dövlətin hesabına ayrılan vəsaitin məbləği xeyli artıb. 2020-ci ildə banklar dövlət vəsaiti hesabına 257 milyon manat ipoteka krediti verdiyi halda, 2022-ci ildə 423 milyon manat, 2023-cü ildə 461 milyon manat kredit ayrılıb. Dövlətin ipoteka krediti üçün ayırdığı vəsaitin artırması hesabına 2022-2023-cü illərdə ipoteka bazarında kredit borcunun məbləği 50 faiz və ya 1,2 milyard manat artaraq 3,63 milyard manata çatıb.

Mənzil bazarında qiymətlərin artması investorları da bu sahəyə sərmayə qoymağa stimullaşdırıb. Qiymətlər yüksəldikdə böyük məbləğdə vəsaiti olan şəxslər vəsaitlərinin daha çox hissəsini mənzil və daşınmaz əmlak alınmasına yönəldir. Bu amil də mənzil bazarında qiymətlərin sürətlə artmasına kömək edir.

Beləliklə, son illərdə mənzil bazarında təklifin azalması, əvəzində isə bazarda tələbin kəskin artması hesabına qiymətlərdə sıçrayış qeydə alınıb. Əgər 2024-cü ildən Rusiyadan köçürülən vəsaitlər bir qədər də azalarsa, eyni zamanda qiymətlərin artması səbəbindən daxili tələb zəifləyərsə, mənzil bazarında qiymət artımlarının sürəti zəifləyəcək.