“Barselona”nın və Braziliya millisinin sabiq hücumçusu Romario bundan sonra Rio-de-Janeyronun “Amerika” klubunda çıxış edəcək.
NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə məlumat verib.
“Rəsmi qeydiyyatdan keçdim. Mən əziz “Amerika”ya bir neçə matçda kömək etməyə və təbii ki, arzumu həyata keçirməyə, meydanı oğlumla bölüşməyə hazıram”, deyə Romario yazıb.
Qeyd edək ki, 58 yaşlı Romario “Amerika”nın prezidentidir. Klub Rio de Janeyro ştat çempionatının ikinci divizionunda çıxış edir.
Hücumçu karyerası ərzində PSV, “Barselona”, “Flamenqo” və “Valensiya”da çıxış edib. Dopinq qalmaqalından sonra – 2008-ci il aprelin 15-də karyerasını bitirdiyini rəsmən elan edib. Braziliya millisinin heyətində hücumçu 1994-cü ildə Dünya Kubokunun, 1989 və 1997-ci illərdə Amerika Kubokunun, 1988-ci ildə Olimpiya Oyunlarının qalibi olub.