Azərbaycanda böyük otellər və restoranlar şəbəkəsinə malik “Resant Group” MMC mədəni sərvətlərin qorunması üzrə tələbləri pozduğuna görə cərimələnib.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.3-cü (Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, sözügedən inzibati xətaya görə xəbərdarlıq edilir və ya fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Resant Group”a “Ramada”, “İntercontinental”, “Sheki Palace”, “Mambo Beach”, “İstanbul Meyhane”, “Baku Voice Rooms”, “Harrison” və s. kimi bir çox hotel, restoran, çimərlik, gözəllik və spa mərkəzləri daxildir.
“Resant Group” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Rüstəmov Emin Pənah oğludur.