Məşhurların reklam gəlirləri: Bir daş altdan, bir daş üstdən… – İqtisadçı rəyibackend

Məşhurların reklam gəlirləri: Bir daş altdan, bir daş üstdən… – İqtisadçı rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın müxtəlif yerlərində müğənnilər, aktyorlar, blogerlər qazanclarının sosial şəbəkələrdəki reklam payını gizlətmirlər. Onlar bir çox çarxlarda rol alır, xüsusən, “İnstagram” səhifələrində paylaşımlar edib qaz vurub, qazan doldururlar.

Azərbaycanda da reklam qarşılığında pul qazanan tanınmışlar az deyil.

Bəs, reklam paylaşımların qiyməti nə qədərdir?

Ortalama qiymətlər belədir:

Rəqqasə Fatimə Fətəliyeva – 500-1000 manat
Bloger Aysel Şükür – hekayədə paylaşım 500 azn, post və hekayə ilə birlikdə 1000 manat
Model Səmra Hüseynova – 2000-3000 manat
Bloger Aynişan Quliyeva – 1700-3500 manat
Aktyor Əlixan Rəcəbov – 1500-3500 manat

Mövzunun digər tərəfi budur: görəsən, sosial şəbəkələrdən gəlir əldə edənlər sahibkarlıq subyekti sayılırlar? Onlar vergi ödəməlidirlərmi?

NOCOMMENT xəbər verir ki, yenisabah-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bunun müqavilələr əsasında tənzimlənməli olduğu bildirib: “Tanınmış şəxslərin bir çoxu fərdi sahibkar kimi fəaliyyət göstərir, onlar VÖEN-lə fəaliyyət göstərdikləri üçün dövriyyələrini qeyd etməlidirlər. Bu, müqavilələr çərçivəsində olmalıdır. Azərbaycanda müqavilə mədəniyyəti yoxdur, danışıqlar fərdi qaydada aparılır və reklam sifarişi verilir. Sonradan bunu sübut etmək də çox çətin olur. Hər hansı müğənni, yaxud bloger iddia edə bilər ki, “filan brenddən xoşum gəlir, ona görə sosial şəbəkə hesabımda paylaşıram, pulla reklam etmirəm”.

Ekspertin sözlərinə görə, ölkəmizdə sosial şəbəkə reklamlarından əldə edilən gəlirlər vergidən yayındırılır: “Müqavilə mədəniyyəti olmadığından çox vaxt məşhurların bu tip paylaşımları vergidən yayındırılır. Əslində, fərdi sahibkar kimi fəaliyyət göstərən istənilən Azərbaycan vətəndaşı dövriyyəsindən vergi verməli, Sosial Müdafiə Fonduna ödənişlər etməlidir. Qanunda nəzərdə tutulan maddə budur, xüsusi olaraq reklamdan, yaxud hər hansı gəlir yerindən vergi nəzərdə tutulmayıb, ümumi müqavilədə nəzərdə tutulan vergi var ki, bu da Azərbaycanda 5 faizdir. Sosial Müdafiə Fonduna əməliyyatların həcmindən asılı olmayaraq, hər ay üçün 62 manat 50 qəpik ödəniş edilməlidir.

Bu sahədə əsas problem müqavilənin yoxluğu və bu fəaliyyət növünün tənzimlənməməsidir. Nəticədə, sözügedən reklamlardan əldə olunan gəlir böyük ölçüdə vergidən yayındrılır”.