Mətbuat cəmiyyətin AYNASIDIRbackend

Mətbuat cəmiyyətin AYNASIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT Modern.az-a istinadən yazını təqdim edir:

Hər il iyul ayının 22-si ölkəmizdə Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Məhz bu günün mətbuat günü kimi qeyd olunması isə Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə ölkəmizdə anadilli ilk mətbu orqanın əsasının qoyulması ilə bağlıdır. Həmin gün  “Əkinçi” qəzetinin ilk sayı işıq üzü görüb. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən “Əkinçi”nin 56 sayı  işıq üzü görüb və bu qəzetin nəşri təkcə Azərbaycanda deyil, bütün Qafqazda geniş əks-səda doğurub. Ömrü qısa olsa da, qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat etdiyinə görə fəaliyyəti dayandırılıb.

 

Milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi”dən sonra bu sahədə bir canlanma yaranıb.  “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (XIX əsrin 80-90-cı illəri) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb.

 

Mətbuat cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Azərbaycan milli mətbuatı da yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirib. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 147 ildə çətin, lakin şərəfli yol keçib. Müxtəlif dövrlərdə  ağır sınaqlara məruz qalsa da, bütün çətinliklərə dözüb, öz yolundan dönməyib,  daim həqiqətin carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.  Belə bir şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

 

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir.  Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, azad söz və mətbuat da cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur, bu sahənin qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

 

Müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev daim mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə böyük önəm vermişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

 

Bu gün Azərbaycanda 4200-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata alınıb. Ölkədə informasiya texnologiyalarının inkişafı mətbuatın daha səmərəli fəaliyyətinə geniş imkanlar açır. Mətbuatımız həm kəmiyyət, həm də keyfiyyət baxımından regionda liderdir. Dünyanın bir çox demokratik ölkələrində olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb, “Mətbuat haqqında” Qanun qəbul edilib.  Mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqətdə saxlanılır.

 

Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.  Ölkə başçısı İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb.

 

Mətbuatımızın müstəqillik dövrü fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır. 44 günlük müharibədə əldə etdiyimiz böyük Zəfərdən sonra isə mətbuatımızın qarşısında daha mühüm vəifələr durur.

 

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınıdılması və təbliğ edilməsində, Azərbaycan reallıqlarının, milli-mənəvi dəyərlərimizin, respublikamızın həyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması böyük peşəkarlıq tələb edir və mətbuat işçilərimiz bu işin öhdəsindən layiqincə gəlirlər.  Kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə Azərbaycan mətbuatının modernləşmə və qabaqcıl texnologiyaların geniş şəkildə tətbiqi ilə beynəlxalq informasiya məkanında da öz layiqli yerini tutması qürurvericidir.

 

Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini, bütün media mənsublarını təbrik edir, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.