Mətbuat katibləri körpüləri yandırırlarbackend

Mətbuat katibləri körpüləri yandırırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün jurnalistlərlə təmsil etdikləri qurum arasında körpü rolunu oynamalı olan mətbuat katibləri əslində o körpüləri “yandırmaq”la məşğuldurlar.

Mətbuat katiblərindən olan narazılıq sosial şəbəkələrdə də açıq-aşkar sezilir: kimisi telefon zənglərinə cavab vermir, kimisi sorğunun rəsmi qaydada göndərilməsini tələb edir, kimisi özünü nazir kimi aparır, kimisi mətbuatın onların mənasız press-relizlərini verməyə borclu olduğunu düşünür və s. və ilaxır. Bir sözlə, Azərbaycanda mətbuat katibliyi “dəfn edilib” desək, əksəriyyətin bizimlə mübaliğəsiz həmfikir olacağına əminik. Hətta aylarla sorğusuna cavab almaq istəyən müxbirin həmin məlumatın başqa KİV-də daha tez yayımlanmasından sonra halını təsəvvür etmək heç də çətin deyil. Çünki hamımız bu vəziyyətlə qarşılaşmışıq.

NOCOMMENT xəbər verir ki, tanınmış jurnalist Xaqani Səfəroğlu mövzu ilə bağlı Modern.az-a danışıb.

Jurnalist deyib ki, mətbuatın rəsmi qurumlarla təmasını mətbuat katibləri həyata keçirir: “Mətbuat katibi təmsil etdiyi nazirliyin, qurumun aynasıdır. Yəni nazirlik necə işləyirsə, mətbuat katibi də özünü o cür göstərir. Buna görə ölkədə mübahisə doğuran məsələlərdə mətbuat katiblərinin adları hallanır. Səbəbləri isə çoxdur. Məsələn, internet erasında mətbuat katibləri anlayışı öz funksiyasını xeyli dəyişib, yeni çalar yaranıb. Ölkədə mətbuat katibi sistemi tam dəyişilməlidir. İndiki dövrdə bir nəfərin kabinetdə oturub sualları cavablandırması köhnə adətdir. Qədim erada bir açıqlama olurdu, bunu qəzetlərdə çap edirdilər. İnternet erasında hadisələr elə sürətlə dəyişir ki, bu məsələləri cavablandırmaq, anında reaksiya vermək üçün bir nəfər mətbuat katibinin olması qaneedici deyil. Təklif də etmişdik ki, nazirliklərdə, icra strukturlarında mətbuat katiblərinin yeni strukturu yaransın. Bir nəfər yox, iki-üç nəfərdən ibarət çevik qrup işləsin”.

X.Səfəroğlu bildirib ki, dövrümüzdə istənilən işin ortaya çıxmasında informasiya mühüm rol oynayır: “İnformasiyanın yayılmasında geciksən, həmin məlumatı əldən buraxmış olursan. Mətbuat katibləri işini dövrə uyğun qurmalıdır, geriləməməlidirlər. İnformasiyanı kim birinci yaya bildisə, kim xəbəri aydınlaşdırdısa, ictimai rəy onun dalınca gedir. Düzdür, mətbuat katibi də özbaşına açıqlama verə bilməz. O, razılşadırılmış mövqeyi ifadə edir. Amma bu o demək deyil ki, mətbuat katibləri istənilən sualı rədd etməlidir, sualdan qaçmalıdır. Nazirliklə mətbuat arasında bir bağlantı olmalıdır. Mətbuat katibi təklif edə bilər ki, hər hansı hadisə baş verib, ictimai rəydə nəsə müzakirə olunur, müəyyən hadisə ilə bağlı qurumun adı hallanır və bunun üçün açıqlama vermək lazımdır. Təəssüf ki, mətbuat katibləri hadisənin gedişini olduğu kimi mətbuatda yaymır”.

Jurnalist söyləyib ki, qurumlar daha çox özlərinin mövqeyini əks etdirən məsələlərin işıqlandırılmasında maraqlıdırlar: “Jurnalistdən tələb oluna bilməz ki, göndərdiyim press-relzi olduğu kimi ver. Çünki jurnalist lazım bildiyi hissəni öz yazısında verməlidir. Jurnalist buna görə təqib olunmamalıdı, jurnalistlər arasında ayrı-seçkilik olmamalıdı. İndi jurnalistika üçün vacib sayılmayan PR addımlar atılır. Jurnalistika günəşin çıxdığını yazmaq deyil, çıxmadığını yazmaqdır. Mətbuat katibləri jurnalistlərin qarşısını kəsməməlidir, strukturdakı əməkdaşlarla jurnalistlərin təmasını təşkil etməlidir. Mətbuat katibləri vaxtlı-vaxtında açıqlamalarını verməlidir, ümumi sözlərdən qaçmalıdır. Problemli suallardan qorxmaq lazım deyil. Sosial şəbəkələr üzərindən xəbər yayılanda əl-ayağa düşürlər ki, “xahiş edirik yazını dəyişin”, “bu məlumat yanlışdır” və s. Qazilərlə bağlı son qalmaqal göstərdi ki, ilk informasiya necə önəmlidir. Jurnalistlər də mətbuat katiblərindən qorxmamalıdırlar”.