09:30
Bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” və “28 May” stansiyalarında qatar tuneldə qalıb.
NOCOMMENT.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu, metroda intervalın azalması ilə bağlıdır.
“Bəzi günlərdə sərnişin sıxlığının tənzimlənməsi ilə bağlı belə hallar müşahidə edilir.
Problem əsasən, “Dərnəgül” – Nizami” sahəsində qeydə alınır. Sıxlıq olanda, sərnişinlər hüdud xəttini keçəndə və ya qapını tutub saxlayanda ləngimələr olur.
“İnşaatçılar” – “Nizami” sahəsi mailli olduğundan, burada qatar stansiyanı tərk etməmiş digər stansiyada qatar hərəkət edə bilmir. Bu səbəbdən həmin istiqamətlərdə cüzi ləngimələr qeydə alınır. Bunun bütün xəttə təsir etməməsi üçün tənzimləmə işləri aparılır”, – B.Məmmədov əlavə edib.
***
“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metroda Dərnəgül-Nizami istiqaməti xüsusi sahə sayılır:
“Nizami” və “İnşaatçılar” stansiyalarının arasında xüsusi maililik var. Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir”.
Metro rəsmisi əlavə edib ki, qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir:
“Məsələn, bir qatar “Elmlər Akademiyası” stansiyasını tərk etməmiş digər qatar “İnşaatçılar” stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü “20 Yanvar” stansiyasındadır. İndi sərnişin axınının, sıxlığın tənzimlənməsi üçün işlər görülür”.