Metroda qadının 3000 manatlıq telefonu oğurlandı – Gördüm ki, geyimi bahalıdırbackend

Metroda qadının 3000 manatlıq telefonu oğurlandı – Gördüm ki, geyimi bahalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadının cibindən 3000 manatlıq telefonunu oğurlanıb.

NOCOMMENT.az xəbər verir ki, “kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabr ayında baş verib. Belə ki, Bakı metropoliteninin “Sahil” stansiyası istiqamətində hərəkət edən qatara metronun “28 May” stansiyasında minən 31 yaşlı Eyvaz Muradov (ad və soyad şərtidir) sərnişinlərin sıxlığından istifadə edərək, ondan qabaqda vaqona minən sərnişin Günay Quliyevanın (ad və soyad şərtidir) əynində olan paltosunun sağ cibindən telefonunu alıb.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Eyvaz Muradov bildirib ki, o qadının geyimindən varlı olduğunu bilib və cibindən oğuluq etmək qərarına gəlib: “Onu izlədim və gördüm ki, əlində bahalı telefon var. Qatara minərkən qarışıqlıq yarandı. Mən də vəziyyətdən istifadə edib onun cibindən telefonu götürdüm. Daha sonra qatardan düşüb digərinə mindim və “Elmlər Akademiyası” stansiyasına gəlib çölə çıxdım. Nömrəni çıxarıb atdım, telefonu isə 300 manata satdım”.

Hadisə zamanı zərərçəkən Günay Quliyeva ifadəsində deyib ki, telefonunun oğurlandığını eskalatorda olarkən başa düşüb: “Vaqondan düşüb eskalatorda hərəkətdə olarkən paltomun cibinə əlimi salanda telefonumun orada olmadığını gördüm. Dərhal rəfiqəmin telefonu ilə öz nömrəmə zəng etdim. Əvvəlcə zəng çatsa da, daha sonra telefon söndürüldü. Telefonumun 3000 manat qiyməti var idi. Bundan əlavə onun üzərində dəyəri 10 manat olan telefon aksesuarı, 15 manat olan ekran qoruyucusu və 5 manat olan mobil nömrə olub. Bu şəxs mənə dəyən zərəri ödəməyib. Ondan şikayətçiyəm”.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Eyvaz Muradov oğurluqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.