Məxfi razılaşma: İrəvan Bakıdan möhlət istəyib?backend

Məxfi razılaşma: İrəvan Bakıdan möhlət istəyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Azərbaycan və Ermənistanın sülh sazişi məsələsindəki nailiyyətlərini davam etdirməsi üçün əlindən gələni əsirgəməyəcək.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller keçirdiyi ənənəvi brifinqdə belə deyib.

Lakin o, təmsil etdiyi qurumun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşün detallarını açıqlamayıb:

“Onu deyə bilərəm ki, tərəflər sülh sazişinin əldə olunması istiqamətində uzun yol qət edib. Biz isə bundan sonra da bu müzakirələrin davamını təşviq edəcəyik. Hər iki dövlətin imzalayacağı sülh müqaviləsi həm onların özünə, həm də regionda təhlükəsizliyə fayda verə bilər.

Biz hesab edirik ki, sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir. Buna görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması istiqamətində çalışacağıq.

Vaşinqton görüşündə biz irəliləyiş əldə etsək də, mən təfərrüatları açıqlamaq istəmirəm. Lakin hələlik sülh müqaviləsi imzalanmayıb və biz buna nail olanadək həmin istiqamətdə çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-ın Dövlət katibi Entoni Blinkenin iştirakı ilə iyulun 11-də keçirdiyi görüşün nəticəsiz başa çatdığına dair məlumat yayılmışdı.

NOCOMMENT.az cebhe.info-ya istinadən xəbər verir ki, bu baxımdan, Metyu Millerin Vaşinqton görüşündə irəliləyişə nail olunmasından danışması diqqəti cəlb edir. Dövlət Departamenti rəsmisinin açıqlaması Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı razılaşmanın əldə olunduğunu, lakin bunun məxfi saxlanılması barədə razılığa gəlindiyini göstərir.

Xatırladaq ki, Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşündə daha çox Ermənistan Konstitusiyasının preambula hissəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması rəsmi Bakının tələbi müzakirə olunub.

Ermənistan tərəfi isə referendum məsələsinin Ermənistanın daxili işi olduğunu iddia etməklə Azərbaycanın şərtini yerinə yetirməkdən yayınır. ABŞ-ın isə bu məsələdə öz mövqeyi var. Vaşinqton tezliklə qarşılıqlı kompromisə əsaslanan ilkin sülh müqaviləsinin imzalanmasında maraqlıdır.

ABŞ Azərbaycanın referendum şərtindən imtina etməsini, sərhədlərin Ermənistanın istəyinə uyğun olaraq 1991-ci il Almatı Bəyannaməsi əsasında delimitasiya və demarkasiya olunmasını, bunun qarşılığında isə Zəngəzur dəhlizinin açılmasını təklif edir. Bu kontekstdə Metyu Millerin kompromis variantdan söz açması təsadüfi deyil.

Ermənistan mediası isə konstitusiya referendumu ilə bağlı Azərbaycanla kompromis razılaşmanın əldə edildiyini yazır. Qeyd edilir ki, Ermənistanın Baş naziri Konstitusiyanın mətnini dəyişmək üçün Azərbaycandan vaxt istəyib.

Nikol Paşinyan referendumu 2026-cı ildə gözlənilən növbəti parlament seçkilərindən sonra keçirməyə razılıq verib. Paşinyan qarşıdakı iki ilə hakimiyyətdə qalmaq imkanı kimi baxır. İndiki şəraitdə Konstitusiyanın Azərbaycanın maraqlarına uyğun dəyişdirilməsi narazılığa və revanşistlərin hakimiyyətə gəlməsinə səbəb ola bilər.

Erməni mediası hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən revanşistlərin iqtidara gəlməsini istəməyən Azərbaycanın bununla razılaşmağa hazır olduğunu iddia edir.

O da qeyd edilir ki, Nikol Paşinyan referendumun və seçkilərin eyni gündə keçirilməsini çox istərdi. Çünki o, kvorum olmadığı üçün referendumun uğursuz olmasını istəmir. Ancaq mövcud qanunvericilik seçkilərin və referendumun eyni gündə keçirilməsini qadağan edir.

Xatırladaq ki, Ermənistanın yeni konstitusiya layihəsinin qəbulu ilə bağlı ümumxalq səsverməsini 2026-cı il dekabrın 30-da keçirmək istədiyinə dair bu yaxınlarda xəbər yayılmışdı. Lakin Azərbaycanın bu təklifə razılaşması barədə hələlik rəsmi məlumat yoxdur.

Əgər Metyu Millerin dediyi kompromis variant Ermənistanda Konstitusiyanın vaxtı ilə bağlı olarsa, o halda sülh müqaviləsinin imzalanması 2027-ci ilin əvvəlinə qədər təxirə düşə bilər.

Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması Azərbaycan Konstitusiyasına ziddir. Ona görə də imzalanacaq sülh sazişi Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilə bilməz. Ermənistan isə referenduma qədər Azərbaycanla çərçivə sənədi imzalamağı, yeni konstitusiyanın qəbulu məsələsini 2026-cı ilin sonuna saxlamağı təklif edir. Ancaq bu, sülh razılaşması üzrə öhdəliklərin icrasını şübhə altına alır.

Belə ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın liderlik etdiyi siyasi qüvvənin qalib gələcəyinə təminat yoxdur. Hakimiyyətə gələn başqa siyasi qüvvə Ermənistan konstitusiyasının tələblərini üstün tutaraq Azərbaycana qarşı ərazi iddiasını davam etdirə bilər. Bu halda Ermənistanın Azərbaycanla imzaladığı sülh sazişinin şərtlərindən imtina edəcəyi istisna olunmur.

ABŞ isə hazırda sülh danışıqlarını Vaşinqton platformasına qaytarmağa çalışır. Hazırda danışıqlarda vasitəçi tərəf yoxdur və Azərbaycanla Ermənistan arasında siyasi rabitə birbaşa formatda aparılır.

Metyu Millerin açıqlaması ABŞ-ın yaranmış boşluğu öz maraqlarına uyğun doldurmaq niyyəti kimi başa düşülə bilər. Son vaxtlar ABŞ diplomatlarının İrəvana və Bakıya artan səfərləri, eyni zamanda Amerika hərbi kontingentinin Ermənistanla birgə hərbi təlimlərə başlaması Vaşinqtonun Cənubi Qafqazda geosiyasi balansı öz xeyrinə dəyişmək cəhdidir.

ABŞ sülh müqaviləsi imzalanana qədər danışıqlarda təşkilatçılıq funksiyasını ələ almaqda qərarlı görünür. Bununla da ABŞ-a regionun gələcək geosiyasi konfiqurasiyasının formalaşmasında əsas aktora çevrilmək istəyir.

Müllerin açıqlaması ABŞ-ın referendumla bağlı yeni mövqeyi kimi də dəyərləndirilə bilər. Yəni Vaşinqton bir tərəfdən Ermənistanı Konstitusiya dəyişikliyinə razı salmaqla Azərbaycanın maraqlarını təmin etmiş olur.

Digər tərəfdən isə referendumun 2026-cı ilin sonuna saxlanılmasına nail olmaqla Ermənistanın təklif etdiyi təklifin reallaşmasına şərait yaradır. Ancaq hər iki tərəfin maraqlarına uyğunlaşdırılmış referendumun 2026-cı ildə baş tutacağına heç bir hüquqi təminat yoxdur.