Microsoft Azerbaijan bağlanırbackend

Microsoft Azerbaijan bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Microsoft Azerbaijan bağlanır.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

Forum rəhbəri bildirib ki, ağlasığmaz olsa da, məlumatın doğru olduğuna diqqət çəkib: “Bəlkə də son illərdə ilk dəfədir ki, İT sektorla bağlı məlumatı belə qüssəli ovqatda yazıram. Dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir. Artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar. Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq “Microsoft Azerbaijan”da çalışmırlar. Görünür ki, Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyib.

Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti üçün, RİNN üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim.

Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır. Ümumiyyətlə son illərdə Microsoft daha çox regional idarəetməyə üstünlük verirdi, lokal ofislərdə əyləşənlər də regional məsələlərə cavabdehlik daşıyırdı”.

O.Gündüz qeyd edib ki, Microsoft Rusiya və Belarusda da fəaliyyətini dayandırıb: “Microsoft-un Rusiya ofisinin 500-dən çox işçisi bir anda çölə atılıb. İndi necə olacaq? Microsoft-un Azərbaycanla bağlı layihələrini, öhdəliklərini kim icra edəcək? Necə deyərlər, Windows, Ofis proqramları, Ofice365, Azure, digər lisenziyalı MS həllər və proqramlardan istifadə və yenilənmə, hökumət qurumları ilə olan müqavilələr, milyonlarla müştərisi olan MS Teams və s. necə olacaq?

Bütün bunlar necə dəstəklənəcək, koordinasiya necə olacaq? Bildiyim qədər, Azərbaycandakı sadaladığım bu işlər Microsoft-un müxtəlif ölkələrindəki ofislərindən idarə olunacaq.

Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də, Azərbaycanın təhsil sektorundakı Microsoft həlləri (məsələn MS Teams və s) Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq. Azərbaycanın dövlət qurumlarında Microsoft həlləri ilə bağlı məsələlərə bu şirkətin, məsələn İrlandiya ofisindəki hansısa X cavabdeh olacaq və s.

Yeri gəlmişkən, regional məsələlərlə məşğul olsalar da, Microsoft-un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirir. Üzüntülü olsa da, hazırda reallıq belədir. Nə etməli? Doğrudanmı hər şey bitib? Kimdir baş verənlər üçün günahkar? Düşünmürəm ki, Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması yalnız Microsoft-un qlobal siyasəti ilə bağlıdır. Bu, belə deyil. Fikrimcə, bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Xatırlayıram ki, Prezident İlham Əliyev də Davosda Microsoft rəhbərləri ilə görüşüb gələcək iş birliyindən danışmışdı. Amma biz sonralar aidiyyatı qurumlar tərəfindən bu iş birliyinin davam etdirilməsini görmədik. Görünən odur ki, məsul şəxslər bu qlobal qurumla oturuşmuş iş birliyi qura bilməyiblər, böyük İT layihələr ortaya çıxmadı”.

Onun sözlərinə görə, bu qlobal şirkət Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb edilmədi: “Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmadı. Microsoft həllərindən böyük yaşıl enerji layihələrində istifadə edilmədi. Məsələn, Microsoft-a təklif oluna bilərdi ki, gəlib iqlimi də uyğun olan Kəlbəcərdə nəhəng bir Data Mərkəz qursun. Düşünürəm ki, bəlkə də gec deyil. Ali hakimiyyət səviyyəsində bu məsələyə ciddi reaksiya vermək lazımdır. Azərbaycanda gedən nəhəng infrastruktur işləri ilə Microsoft-u maraqlandırmaq və bəlkə də yenidən ölkəyə qaytarmaq olardı. Düzü, heç özüm də bilmirəm, bundan sonra Microsoft-u qaytarmaq mümkün olacaqmı. Baş verənlərə çox təəssüf edirəm. Fikrimcə, baş verənlər bütövlükdə ölkənin innovasiya mühiti, İT biznesi, bütövlükdə İKT mühiti üçün düşündürücü olmalıdır.

Yəni burada söhbət hansısa bir Windows-a lisenziya almaqdan getmir, söhbət Microsoft kimi nəhəngi ölkəmizə bağlayacaq tellərin olmamasından gedir. Ümid edirəm RİNN, ETN, XRİTDX, Prezident Administrasiyasının şöbələri də baş verənlərin fərqindədir.

Şəxsən mən gözləyərdim ki, bu məsələyə yüksək səviyyədə reaksiya veriləcək, baş verənlərə məsul olan şəxslərdən hesabat tələb olunacaq. Cənablar, bir daha vurğulamaq istərdim, Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması, yumşaq desəm, bizim üçün utancdır”.