Milli kimlik müzakirəsi: Türk, azəri, yoxsa, azərbaycanlı?backend

Milli kimlik müzakirəsi: Türk, azəri, yoxsa, azərbaycanlı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovet müstəmləkəsi dönəmində azərbaycanlıların milli kimliyi, dilinin adı dəyişdirilib. 30 ildir müstəqil olsaq da bu məsələ hələ də müzakirə edilir.

Dilimizin adı “Azərbaycan dili” olaraq qalmalıdır, ya “türk dili” olmalıdır? Bəzi ölkələrdə xalqımız haqqında işlədilən “azəri” kəlməsi doğrudurmu? Azərbaycan dövləti bununla bağlı beynəlxalq qurumlara müraciət edə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavin, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələyə yanaşmada köhnə qəliblərdən imtina olunmalıdır:

“Beynəlmiləlçilik azərbaycançılığı hədəfə alıb”

“Hazırda Azərbaycanda saxta «beynəlmiləlçilik», yaxud da kosmopolitizm şüuru yalnız türklüyü, islamı deyil, müstəqil milli ideologiyaya çevrilməyə çalışan azərbaycançılığı da hədəf alıb. Çünki azərbaycançılıq məhz yeniləşmə ruhlu türkçülük və islamçılığın sintezindən meydana çıxıb. Xüsusilə, azərbaycançılığın yaranmasında türkçülüyün müstəsna rolu, onun əhəmiyyətli dərəcədə milli məna kəsb etməsini saxlayır. Sadəcə olaraq, türkçülüyə münasibətdə daha çox qıcıq yaradan onun mahiyyəti deyil, adıdır-türklüyüdür. Bu mənada azərbaycançılıq ona görə qıcıq yaratmır ki, onun adında milli kimlik öz əksini tapmır. Əgər tapsaydı onda azərbaycançılıq da türkçülük kimi şovinizm mənasında yozulacaqdı. Bu baxımdan azərbaycançılığın cəlbedici olmasında əsas məsələ kimi onun başlıca prinsipinin «azərbaycanlı» kimliyi və «Azərbaycan dili»i bağlı olduğu ifadə edilir, bununla da dolayısıyla türk kimliyini və türk dilini ifadə etməməsi göstərilir. Başqa sözlə, bəzi tədqiqatçılara görə «azərbaycanlı» kimliyi və «Azərbaycan dili»nin mövcudluğu imkan verir ki, yalnız Azərbaycan türkləri deyil, Azərbaycanın milli azlıqları özünü bu kimliyə və dilə aid etsinlər. Əslində bu dolayısıyla da olsa, «azərbaycanlı» kimliyi və «Azərbaycan dili» ilə yanaşı, özünü başqa kimlikdə və dildə görənlərin varlığını təsdiq edir. Bu mənada, bəziləri milli azlıqların ikili kimliyini və ikili dilini normal qəbul etdikləri halda, milli çoxluğun – Azərbaycan türklərinin eyni statusla (azərbaycanlı-türk, Azərbaycan dili-türk dili) çıxış etməsinə bir o qədər də dözümlü yanaşmırlar. Halbuki bu statuslar, yəni azərbaycanlı-türk kimliyi, Azərbaycan dili-türk dili bir medalın iki üzüdür. Çünki burada nə qədər qəribə olsa da, bir millətin iki adı və iki dili var. Əslində isə azərbaycanlı adlanan millət türk milləti, Azərbaycan dili türk dilidir”.

““Azəri” kəlməsi yanlışdır”

Fəlsəfə doktoru hesab edir ki, “azəri” kəlməsi doğru deyil, bu ifadə düşünülmüş şəkildə ortaya atılıb:

“Fikrimizcə, bu mənada «azəri» kimliyi və «azəri dili»nin təbliğatı da ilk növbədə, türklüyü Azərbaycan türklərinin yaddaşından silmək, milli mənlik şüurunun zədələnməsini daha da dərinləşdirməyə xidmət edir. Çox təəssüflər olsun ki, bu məsələ də Türkiyənin bir çox dövlət adamlarının, yaxud tanınmış siyasət, incəsənət xadimlərinin və elm adamlarının Azərbaycan türklərinə yönəlik «azəri» anlayışından istifadə etməsi də az rol oynamır. Doğrudur, ilk vaxtlarda (1920-1930-cu illərdə) «azəri» sözü tək işlədilmir, əksər halda «azəri türkü», «azəri türk dili» anlayışları ilə bir yerdə çəkilirdi. Məsələn, Azərbaycan xalqının milli ideoloqu Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdiyi jurnal «Azəri türk» adlanırdı. Mühacirətdəki milli şairimiz Almas İldırım şeirlərində «Azəri türk» ifadələri işlədirdi. Ancaq elə həmin dövrdən başlayaraq Türkiyə və Azərbaycan mətbuatında bəzi tədqiqatçılar Azərbaycan türklərini «azəri» adlandırır, onu türklükdən fərqli mənada verirdilər”.

“Türk demək bu qədər çətindir?”

Filosof alimin fikrincə, Türkiyədə bəzi dairələrin hələ də bizə “azəri” deməsi doğru deyil:

“Maraqlıdır ki, əsrlər boyu və günümüzdə də yunanlar, farslar, ərəblər, gürcülər, ermənilər və başqa xalqlar, onların tarixçiləri bizləri (Türkiyə, Türküstan, Azərbaycan, Krım, Tatarıstan və b. ölkələrdə yaşayan türkləri) türk adlandırdıqları halda, öz soydaşlarımız bizə “azəri” deyir. Doğrudanmı 21-ci əsrdə türkün türkə «türk» deməsi bu qədər çətindir?! Təbii ki, yox. Sadəcə olaraq, bütün bunlar türkün şüuruna yeridilən assimilyasiya siyasətidir. Türkü məhv etməyin ən asan yolu, türkü türklüyündən – türk kimliyindən, türk dilindən, türk mədəniyyətindən, türk mənəviyyatından uzaqlaşdırmaqdır”.

“Bu siyasətin arxasında şovinist dairələr durur”

F.Ələkbərlinin sözlərinə görə, azərbaycanlılara qarşı asimilyasiya siyasətinin arxasında rus və fars şovinistləri durur:

“Şübhəsiz, Azərbaycan türklərinin «tatar», «azəri», «şurəvi», «iranlı», «azərbaycanlı» və s. adlandırılması SSRİ və İran rejimlərinin apardıqları siyasət nəticəsində meydana çıxıb. Sadəcə olaraq, istər içimizdə, istərsə də kənarda bir çoxlarını hazırda bu anlayışların necə meydana çıxmasından daha çox, ondan necə istifadə etməsi maraqlandırır. Fikrimizcə, son zamanlar «azəri» anlayışının geniş mənada təbliğ olunması da bunun tərkib hissəsidir.

Belə anlaşılır ki, hələlik «azərbaycanlı» kimliyinə və «Azərbaycan dili»nə toxunmamaqla yanaşı, buna paralel olaraq «azəri» kimliynin və «azəri dili»nin formalaşdırılması prosesinə başlanıb. Xüsusilə, bəzi telekanalların və kütləvi informasiya vasitələrinin bu məsələ də fəallıq göstərməsi «azəri» anlayışının təbliğinin sistemli şəkildə baş verdiyini göstərir. Artıq bəzi alimlərin əsərləri ilə yanaşı, dövlətin rəsmi nəşlərində «azəri» kimliyindən və dilindən bəhs olunması da buna bariz örnəkdir. Məsələn, 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iki dildə (Azərbaycan türk dili və ingilis dilində) nəşr olunan «Müstəqil Azərbaycan – 20 il» kitabında dövlət dili həm «azərbaycan», həm də «azəri» adlandırılmışdı.

Bu gedişlə yaxın gələcəkdə «Azərbaycan dili» dərsliklərinin «azəri dili»nə çevrilməsinin də şahidləri ola bilərik.

Bizə elə gəlir ki, son zamanlarda bəzi ali məktəblərdə jurnallarda tələbələrin milliyyəti kimi «azəri» adından istifadə olunması da məsələnin ciddiliyindən xəbər verir. Görünür, «azəri» kimliyi və «azəri dili» artıq sovet dövründə formalaşmış Azərbaycan insanının deyil, yeni nəslin milli mənlik şüuruna hesablanmış bir nəzəriyyədir. Yəni «azərbaycanlı» kimliyi və «Azərbaycan dili» SSRİ dövründə yaşamış insanların şüurları üçün hesablandığı kimi, «azəri» kimliyi və «azəri dili» müstəqil Azərbaycanın vətəndaşlarına yönəlib. Şübhəsiz, «azəri» anlayışının əsaslandırılmasının növbəti mərhələlərində tarixə, etnoqrafiyaya, dilçiliyə və s. sahələrə də «səyahət» ediləcək. Daha doğrusu, bu kütləvi xarakter alacaq”.

Alim hesab edir ki, milli mənlik şüurunun qorunub yaşaması üçün vətəndaşlığı, yurddaşlığı bildirən «azərbaycanlı» kimliyində və «Azərbaycan dili»ndə müəyyən korrektələr edilməlidir:

“Amma bu korrektələr türklüklə uzlaşmayan «azəri» kimliyi və «azəri dili» adı altında deyil, türk kimliyi və türk adı altında baş verməli, xüsusilə milli dilin adına münasibətdə Azərbaycan türklərinin mühüm mövqeyi nəzərə alınmalıdır. Fikrimizcə, yalnız bu halda türkçülükdən yaranmış azərbaycançılıq öz varisliyini ləyaqətlə davam etdirə bilər. Əks halda sələfinin başlıca ideyalarını yaşada bilməyən xələf üçün yalnız bir neçə formal, hüquqi məsələlər baxımından varislikdən çıxış etməsi, üstəlik türk kimliyi və türk dili əvəzinə «azəri» kimliyi və «azəri dili»nə meyil etməsi milli ideologiyanın həllinə deyil, daha da mürəkkəbləşməsinə səbəb olacaq”.

Aydın Turan