Milli Məclis “təsadüfi adamlar klubu”na çevriləndə…backend

Milli Məclis “təsadüfi adamlar klubu”na çevriləndə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqilliyin bərpasından sonra Azərbaycanda yalnız bir dəfə növbədənkənar parlament seçkiləri keçirilib. 2019-cu ilin dekabrında Milli Məclis üzvlərinin mütləq əksəriyyəti özlərinin “qeyri-adekvatlığını” qəbul edərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verdilər.

Nəticə? Heç nə! 2020-ci il fevralın 9-da baş tutan erkən seçkilərin yekununda həmin deputatların təqribən üçdə ikisinin mandatı təkrar yeniləndi. “Özünü buraxmaq nə idi, təzədən deputat olmaq nə idi?” sualı indi əhəmiyyətsiz görünsə də, cavab tələbini hələ saxlayır. Amma hansı deputat o suala səmimi cavab verər ki?

Milli Məclisin tərkibinə baxdıqda çox cüzi istisnalarla oradakı adların ölkənin ali qanunvericilik orqanında təmsilçiliyi ifadə etdiyinə inanmaq çox çətindir. İctimai rəy deputat mandatına sahiblənmiş şəxslərin 70-80 faizini, demək olar, tanımır. Ən yaxşı halda, onların fəaliyyəti barəsində məlumatlı deyil. Onların necə “seçildiyini” soruşacaqsınızsa, inanın ki, bunu özləri də bilmir.

Bəli, nə qədər acınacaqlı olsa da, Milli Məclisi “təsadüfi adamlar klubu”na bənzədənlərlə razılaşmamaq çətindir. Axı söhbət millət vəkili kimi yüksək statusdan gedir. İndiki deputatların çoxunun hazırlıq səviyyəsi isə heç bələdiyyə üzvlüyünə də uyğun gəlmir.

Ona görə də ayda bir neçə dəfə bu və ya başqa deputatın hansısa mövzuya dair verdiyi açıqlama ildırım sürəti ilə lətifəyə çevrilir. Həmin açıqlamalar günlərlə media və sosial şəbəkələrin əsas mövzusunu təşkil edir. Bütün bunlar, əlbəttə ki, seçicilərin nəzərindəki ənənəvi deputat obrazına neqativ ştrixlər əlavə edir.

Ötən il COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi fonunda deputatlar çox da diqqət mərkəzinə düşmədilər. Amma bu ilin başlanğıcından etibarən bu “çatışmazlıq” nəinki aradan qalxıb, hətta bəzi deputatlar ötənilki “kəsir”i də aradan qaldırmaqdadırlar.

Xatırlayıram, gənc yaşında deputat mandatı almış Nurlan Həsənov yanvarda yanacağın qiymətinin artırılmasını necə şövqlə əsaslandırmağa çalışdısa, özünü çıxılmaz labirintə saldı. Onun dediyi “Almaniyada yanacağın qiyməti bizdəkindən də bahadır” “arqument”i bu gün də deputatın passivindən silinməyib.

Ötən həftə isə iki deputat özünü ictimai rəyin hədəfinə gətirdi. Əvvəlcə Musa Quliyev “evdar xanımlara ödəniş” təşəbbüsü ilə səhnəyə çıxdı. Əmək və sosial siyasət komitəsinin sədri olan Quliyevə görə, xanımların ev işləri ilə “ödənişsiz əsas”larla məşğul olmaları onların hüququnun pozulmasıdır. Təbii ki, qadınların təqaüd yaşının ilbəil artırılması, uşaq pulunun verilməməsi və başqa məsələlər Quliyev üçün xırdaçılıqdan başqa bir şey deyil.

Həftəyə “şedevr damğası”nı isə yenə də gəncliyin təmsilçisi olaraq, mandatla mükafatlandırılmış Cavid Osmanov vurub. Yox, Osmanov nə qiymət artımından, nə də evdar xanımlardan danışıb. Adam prezident İlham Əliyevin Zəngilan səfəri zamanı pişiyi tumarlamasına ciddi-ciddi şərh verib, bu davranışla ötürülən “siyasi mesaj”ın “kod”larını açıqlayıb. Bu yerdə Seyid Əzim Şirvaninin “Köpəyə ehsan” şeirini xatırlamamaq olmur…

Hə, dünən də Cavanşir Paşazadə “orfoqrafik novatorluğu” ilə diqqəti üzərinə çəkmişdi. Ölkənin adını belə düz yaza bilməyən birisi neçə dönəmdir ki, deputatdır.

Yeri gəlmişkən, Nurlan Həsənov da, Cavid Osmanov da, Allah qoymasa, “yeni təfəkkür”ün daşıyıcılarıdır. Bunlara baxıb, “köhnə düşüncə”dən qopa bilməyən deputatların səviyyəsini təsəvvür etmək çətin deyil.

İndi onlara necə “təsadüfi adamlar” yox, millət vəkili deyəsən?

Araz Zeynalov

www.yenicag.az