Milli Şuranın qeybət şousu və ya FİKSASİYA PARADOKSUbackend

Milli Şuranın qeybət şousu və ya FİKSASİYA PARADOKSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fadil Paşayev – Jurnalist

Milli Şuradan, onun “əhəmiyyətindən” hər dəfə yazanda gəmidə üzən bir sarsağın başına gələnləri xatırlayıram. Sizin üçün də başağrısı olmasın deyə, lap qısa danışacam. Deməli, bir gün axmağın biri gəmidə diqqətlə dənizi seyr edirmiş. Gözləri mavi dalğalarda üzərkən özünü nətəhər unudursa, əlindəki qılıncı dənizə düşür. Deməli “bu ağıllı” cəld gəminin böyrünü nişanlayır ki, qılıncının “düşdüyü” dəqiq yeri kapitana göstərsin. Amma bu axmaq başa düşmür ki, gəmi hərəkət edir.

 

Buna elmi dildə fiksasiya paradoksu deyirlər. Milli Şura da ona bənzəyir. Bu təşkilat Azərbaycan adlı üzən gəmidə olan həmin sarsağı xatırlayır. Siyasi təşkilat kimi hələ də formalaşa bilməyən Şuranın “xüsusi əhəmiyyətli” iclası bir daha onu göstərir ki, Əli Kərimli, Gültəkin Hacıbəyli və digər üzvləri öz “istəklərinin” əsirinə çevriliblər. Hələ qədim Yunanıstanda belə əsirlər haqqında daha qəddar rəy verirdilər. Axı belə qullar kimə lazım idi? Ancaq ağalıq və boşboğazlıq etmək istəyən qulları bazarlarda heç bir sikkəyə də alan olmurdu.

Ancaq insafən etiraf edim ki, Milli Şura bütün dünyada elmi şəkildə darmadağın edilən Darvin nəzəriyyəsinin polemikasında ancaq və ancaq “qələbə çala” bilər. Hələ 20-ci əsrin əvvəllərində belə müzakirələrin birində insanın meymundan əmələ gəlməsi fikirləri ciddi şəkildə əsassız adlandırılsa da, qarşı tərəfin dediyi söz sanki bizim Milli Şuraya aid edilmişdi: “Fikrimizcə, meymundan yaranıb öz dühasının köməyi ilə tədricən ali varlığa çevrilən insan əvvəli insan olub sonradan meymuna çevrilən məxluqdan qat-qat yaxşıdır”.

Bu adamlardan, pardon, siyasətbazlardan hər dəfə bir açıqlama eşidəndə deyirəm, görəsən, belələri haraları ilə düşünür? Əgər Milli Şura sözün əsl mənasında ancaq və ancaq belə “əhəmiyyətli” yığıncaqlar keçirib qeybət edirlərsə və işlərini ancaq bununla bitmiş bilirlərsə, deməli, belələrindən məntiq gözləmək özü bir günahdır.

Makiavellinin təbirincə desək, bunlar dünyanın diqtə etdiyi yeni qaydalara baxmayaraq özlərində köhnədən mümkün qədər çox şey saxlamaq istəyirlər. Nəticəsi isə göz qabağındadır.