Mina faciəsi yalnız bir kəndi əlimizdə olan Şuşa yolunda da təkrarlana bilər…backend

Mina faciəsi yalnız bir kəndi əlimizdə olan Şuşa yolunda da təkrarlana bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ “KaMAZ” maşınla Ağdam yaxınlığındakı Naxçıvanik kəndinə yollanarkən minaya düşdük. Amma sürətlə getdiyimizdən ikimiz də salamat qaldıq…”

“1-ci Qarabağ müharibəsinin təcrübəsindən də bilirik ki, döyüş zonasına gələn erməni keşişlərin 99 faizi kəşfiyyatçıdır…”

“Əvvəla onu deyim ki, hadisə ilə bağlı video-görüntülərdən də aydın şəkildə bəlli olur ki, həmin yola mina yenicə qoyulub. Və onu da nəzərə almaq gərəkdir ki, din xadimləri adı altında ermənilərin Rusiya hərbçilərinin müşayiəti ilə iki gündən bir qrup-qrup getdikləri Xudavəng məbədi Susuzluq ərazisinə yaxın bir məkandadır. 1-ci Qarabağ müharibəsinin təcrübəsindən də bilirik ki, döyüş zonasına gələn erməni keşişlərin 99 faizi kəşfiyyatçıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında iyunun 4-də Kəlbəcərdə baş vermiş mina faciəsini şərh edən 1-ci Qarabağ müharibəsində Ağdam istiqamətində mühəndis-istehkamçı birləşmənin tərkibində döyüşmüş, “Fred Asif” ləqəbi ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov ifadə edib.

“Amma indiki vəziyyətdə ərazidəki hər hansı bir təxribata görə əsas məsuliyyət “sülhməramlı” adlanan Rusiya hərbçilərinin üzərinə düşür. Eyni zamanda bu faciəli hadisə onu da göstərir ki, oxşar təxribatlar, Allah eləməmiş, 37 kəndindən yalnız biri bizdə olan, erməni hərbçilərinin öz əski parçalarıyla sərbəst gəzdiyi Şuşa rayonu ərazisində də baş verə bilər. Torpağı azad edəndən sonra ilk növbədə orada yaşayan və ya yaşayacaq insanların təhlükəsizliyi təmin olunmalıdır. Orada işləyən və yaşayanların təhlükəsizliyini təmin edə bilmiriksə, həmin torpağın azad olunduğunu söyləmək doğru deyil. Ona görə də xalq və dövlət olaraq Şuşa rayonunun, ən azı, ətraf kəndlərinin və ümumiyyətlə, keçmiş Dağlıq Qarabağın bütün ərazisinin erməni ordusunun tör-töküntülərindən təmizlənməsinə mümkün qədər tez nail olmalıyıq” –söhbətinin davamında bunları söyləyən keçmiş istehkamçı döyüşçü hazırda müasir texnologiya ilə mina basdırmağın çox asan və tez başa gəldiyini bildirib.

“Onu da vurğulamaq istəyirəm ki, 1-ci Qarabağ savaşında olduğu kimi, bu güh də bütün bu təxribatların başında duran çoxbaşlı oyunlar oynayan Rusiyadır… Kəlbəcərdəki məbədə Rusiya hərbçilərinin müşayiəti ilə gedib-gələn keşişlərin nə ilə məşğul olduğu daim izlənirmi? Və yaxud onların təxribat yaratmağına açıq şəkildə şərait yaradılmır ki? Bunları bilmirik.
Amma bilmək lazımdır ki, müasir qurğular vasitəsilə tank əleyhinə minanın qoyulması cəmi 5-6 dəqiqəyə başa gəlir. Yəni keşiş paltarında Xudavəngə gəlmiş erməni hərbçilər oradakı ibadət müddətində 1 saat ərzində cəmi 10-15 km məsafədə yerləşən Susuzluğa gəlib minanı basdırıb qayıda bilərlər… Eyni zamanda minanın qoyulma dərinliyini də nəzərə almaq gərəkdir. 10-15 sm dərinliyə qoyulmuş mina birinci maşın keçən kimi partlayır. Amma 60 sm-lik dərinliyə basdırılmış mina, məsələn, 6 maşından sonra partlayır. Yəni onun partlaması üçün lazım olan ağırlıq o vaxt yaranır. Bu mənada ola bilər ki, Susuzluq kəndinə gedən maşından öncə həmin minanın üzərindən bir neçə digər avtomobilimiz keçsə də, o partlamasın…”
Peşəkar döyüşçü özünün 1-ci Qarabağ savaşında minaya düşməsindən də danışıb:

“Mina təhlükəsi çox olan işğaldan azad olunmuş ərazilərdə işləyən hərbi və mülki sürücülərə də xüsusi təlimlər keçmək gərəkdir. Məsələn, 1992-1993-cü illərdə Ağdamda tərkibində döyüşdüyüm mühəndis- istehkamçı birləşmənin komandiri rəhmətlik Rəhim Əliyev bizə öyrədirdi ki, əgər yük avtomobili, yaxud arxa oturacaqları boş digər avtomobillə gedirsənsə, minalı sahədən yüksək sürətlə, saatda azı 80 km-dən çox sürətlə keçməlisən ki, mina partlasa, sürücü və komandir olan kabinəyə güclü zərbə dəyməsin. Çünki əgər ön təkərlərdən biri minaya düşürsə, mina həmin anda yox, arxa təkərlər də minanın üzərindən keçəndə və ya az sonra – 2-3 saniyə ərzində partlayıır. O halda ölümdən 50 faiz sığortalı olursan… Mən özüm iki dəfə minaya düşmüşəm. Bir dəfə Cabir Musayev adlı döyüşçümüzlə birgə silah-sursat aparmaq məqsədilə “KaMAZ” maşınla Ağdam yaxınlığındakı Naxçıvanik kəndinə yollanarkən sürətlə getdiyimizdən ikimiz də salamat qaldıq. Maşını sürən Cabir ayaqlarından, başından ağır yaralandı, mən isə başımdan yüngül yaralar aldım. Avtomobil isə kuzovun orta hissəsindən tamamilə dağıldı…
Düzdü, Kəlbəcərdəki məlum hadisəyə dediyimiz təlimatı tətbiq etmək doğru deyil. Çünki həmin “KaMAZ” markalı maşının arxa hissəsi sərnişinlər üçün düzəldilib. Və təəssüf ki, həlak olanlar da elə həmin hissədə olub… Bütün hallarda ehtiyatlı və ayıq-sayıq olmaq gərəkdir…”

“Onu da deyim ki, Qarabağda 1-ci savaşda basdırılmış minaların indiyədək qalması ehtimalı çox azdır. Çünki ermənilər o torpaqları 30 ildir qarış-qarış gəzib talayıblar, mal-qara otarıblar. Amma son 44 günlük savaş zamanı basdırılmış minaların xəritələri, çox güman ki, erməni hərbi qurumlarında var. Və yəqin ki, bunu Rusiya Müdafiə Nazirliyi də bilir. Sadəcə, müəyyən məqsədlərlə o xəritələri bizə vermirlər… Odur ki, hazırda bizim maksimum dərəcədə öz gücümüzlə minaları təmizləməkdən və düşmənin diversiya qruplarının ərazimizə keçərək yolları, cığırları minalamasının qarşısını mümkün qədər almaqdan savayı əlacımız yoxdur”- 1-ci Qarabağ savaşının iştirakçısı belə deyib.